Çeçenistan lideri Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm “Rusiyanın Əmək Şücaəti” mükafatı və 1-ci dərəcəli “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalı ilə təltif edilib.
Editor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə mükafatlandırma mərasiminin videosu yayılıb.
Bildiyiniz kimi, sentyabrın 25-də Çeçenistan rəhbəri Ramzan Kadırov oğlunun istintaq təcridxanasında Quranı yandırdığına görə həbs edilən Volqoqrad sakini Nikita Juraveli döyməsi ilə bağlı video yayılmışdı. Lakin bu, Adəm Kadırovun həmin hadisəsdən sonra aldığı ilk mükafat deyil.
Oktyabrın 24-də məlum oldu ki, Adəm Tatarıstan Respublikasının ikinci ən mühüm mükafatı – Dusluk ordeni ilə təltif edilib. Ertəsi gün Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovun əlindən Adəm Kadırov Rusiya Federasiyasının bu subyektinin ən yüksək mükafatı olan Qaraçay-Çərkəz Respublikasına xidmətlərinə görə “Beynəlxalq və regionlararası birlik və ənənəvi İslam dəyərlərinin möhkəmləndirilməsi” ordenini alıb. 2023-cü il noyabrın 6-da Qaraçay-Çərkəz müftisi İsmayıl-Hacı Berdiyev Adəmi birinci dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib. 2023-cü il noyabrın 7-də Kabardin-Balkar Respublikasının sədri Kazbek Kokov Adəm Kadırova Kabardin-Balkar Respublikasının ali mükafatı olan “Kabardin-Balkar Respublikası qarşısında xidmətlərinə görə” ordenini təqdim edib.
Noyabrın 9-da Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov Adəmi (həmçinin Ramzan Kadırovun digər iki oğlu – Axmat və Eli) “Daimehkan Siy” (Vətən Şərəfi) ordeni ilə təltif edib. Bu həftə isə Adəm birinci dərəcəli İslam dininə xidmətə görə ordeni ilə təltif edilib.
//Samir Qurbanov, Editor.az

