“Donbas bölgəsinin tanınması fonunda postsovet məkanındakı “daşlar” öz yerinə oturmuş olacaq. Rusiya dünyaya hansı ərazilərə iddia etdiyini və bununla da proseslərdə sona gəlindiyi mesajını verəcək. Bundan sonra Ukrayna Donbas bölgəsindən açıq imtina etsə, NATO-ya belə daxil olacaq. Beynəlxalq güclər əgər Donbas bölgəsini tanımasına və de-yure ələ keçirməsinə görə Rusiyaya heç bir sanksiya tətbiq etməsələr, deməli, bu, onlara da sərf edən və hətta razılaşdırılmış oyun olduğu aydın olacaq. Yox, əgər sanksiyalar tətbiq edilsə, Rusiyanın durumu acınacaqlı olacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq Azərbaycanın Rusiya ilə imzalanması gözlənilən bəyannamənin məcburi xarakter daşıdığı qənaətindədir:
“Bu, Rusiya tərəfindən hazırlanmış və Azərbaycan tərəfinə təklif olunmuş mətndir, çünki bizim belə bir müqaviləni imzalamaq kimi bir ehtiyacımız yoxdur. Mətnin bəndləri hələlik bəlli deyil. İlk fikir kimi onu demək olar ki, iqtisadi, humanitar, fövqaladə hallar, silah alış-verişi məsələlərin olacağı şübhəsizdir və bunda təhlükəli heç nə yoxdur.
Bu, uzun vadədə artıq müstəqilliyə təhdiddir. Olacağı durumda isə Azərbaycanın KTMT-yə daxil olmasına Rusiya artıq təkid etməyə bilər, çünki bu, daha güclü müttəfiqlikdir”.
Azərbaycanı bu durumda nə gözləyə bilər?
A. Qasımov hesab edir ki, dünya dəyişir və Rusiyanın yaratmaq istədiyi qurum və müttəfiqliklər SSRİ-nin bərpasına hesablansa da, forma və mahiyyətcə yeni olacaq:
“Bu baxımdan, hansısa dövlət bilavasitə bu birliyin daxilində, digər dövlətlər isə müttəfiqlik şəklində Rusiyanın ətrafında birləşərək yeni regional güc mərkəzi yaradacaq.
Azərbaycanın Türkiyə və dolayısı ilə Böyük Britaniya ilə yeni yaranan beynəlxalq güc mərkəzində yer aldığı bir şəraitdə Azərbaycan-Rusiya arasında belə bir bəyannamənin (hərbi müttəfiqlik olacağı durumda) imzalanmasının razılaşdırılmadan ola bilmə ehtimalı sıfıra bərabərdir. Böyük Britaniya-Rusiya gizli iş birliyinə bu müqavilə əsl sübut olacaq”.
//Gülnarə Abasova, Editor.az

