“Real Madrid” Futbol Klubu (Madrid, İspaniya) dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top”un təqdimat mərasimini boykot etmək qərarına gəlib.
Editor.az bildirir ki, bu barədə “Marca” xəbər verir. Qeyd olunur ki, “kral klubu” RMTV-də beş saatlıq xüsusi proqramın yayımını da ləğv edib. “Real”ın qəzəbinə səbəb klubun guya komandanın hücumçusu Vinisius Juniorun mükafatı ala bilməyəcəyini öyrənməsi olub.
Mövsümün ən yaxşı qapıçısı mükafatı uğrunda mübarizə aparan ukraynalı qapıçısı Andrey Lunin də mərasimdə olmayacaq. “Real Madrid” qeyd edib ki,”Ballon d’Or” (Qızıl top) klub üçün dəyərini itirir və “hazırda mövcudluğunu dayandırır”.
Maraqlıdır ki, klubun sifariş etdiyi təyyarə artıq Madrid hava limanından uçmağa hazır olub, lakin uçuşa bir neçə saat qalmış səfər ləğv edilib.
Bu qərar, artıq İspaniya nümayəndə heyətinin qəbulu üçün hər şeyi hazırlamış tədbir təşkilatçıları üçün sürpriz olub. Çünki klub əvvəllər iştirakını təsdiqləmişdi və hətta qonaqların siyahısını da açıqlamışdı.
Əlavə etmək istərdik ki, “Qızıl top” mərasimi Parisdə baş tutacaq və bu gün Bakı vaxtı ilə saat 18:00-də başlayacaq.
//Samir Qurbanov, Editor.az

