Türkiyə prezidenti parlamenti İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı sənədi müzakirə etməyə dəvət edib.
Editor.az bildirir ki, müvafiq mesaj onun administrasiyası tərəfindən yayılıb. “Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalayıb və oktyabrın 23-də parlamentə təqdim edib”, – mətbuat xidməti bildirib.
Reqlamentə əsasən, sənəd əvvəlcə Beynəlxalq Əlaqələr Komissiyasına göndəriləcək. Bu çərçivədə baxıldıqdan sonra bütün parlamentin müzakirəsinə veriləcək. Xatırladaq ki, Türkiyənin İsveçin NATO-ya daxil olmasına ən qısa zamanda razılıq verməsi ilə bağlı fikir 2023-cü il iyulun 10-da Vilnüs sammitindən əvvəl səslənib. Daha sonra Ərdoğan bildirib ki, ratifikasiya prosesi parlamentin payız sessiyasında başlayacaq.
Qeyd edək ki, bu günə qədər İsveçin alyansa daxil olması Türkiyə və Macarıstan istisna olmaqla, bütün NATO üzvü ölkələr tərəfindən ratifikasiya olunub.
//Samir Qurbanov, Editor.az

