Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına getdiyi Nyu Yorkdan qayıtdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinə zəng edərək taxıl sazişi ilə bağlı dünya liderləri ilə apardığı danışıqlarla bağlı məlumat paylaşa bilər.
Editor.az bu barədə Türkiyə mətbuatına istinadla yazıb.
“Cənab prezident indi cənab Putinlə telefon danışığı etmək niyyətini bildirib. Bu görüş çox güman ki, cənab prezident ABŞ-dan qayıtdıqdan sonra baş tutacaq. Prezident Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı BMT-nin Baş katibi və ABŞ liderləri ilə görüşüb”-, deyə bildirilib.
Türkiyə və Rusiya liderləri arasında telefon danışıqlarının tarixinin nadir hallarda əvvəlcədən açıqlandığını bildirən mənbə, Ərdoğanın taxıl müqaviləsini yenidən başlatmaq cəhdlərini davam etdirdiyini bildirib: “Cənab prezident BMT tribunasından çağırışını təkrarlayacaq. Razılaşmanı canlandırmaq üçün konkret və əməli addımlar atacaq, Ankaranın səylərini dəstəkləyəcək”.
Qeyd edək ki, bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleya çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla taxıl sazişinin gələcəyini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

