Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya qarşı müharibəsində Qərbin vasitəçilik etməyə çalışmadığını bildirib.
Anadolu XA-na istinadən məlumat verən Editor.az bildirir ki, Türkiyə lideri bunu Ərzurum vilayətində gənclərlə görüşü zamanı deyib: “Təəssüf ki, Qərb bu müharibədə yalnız təxribatçı ünsürləri işə saldı, vasitəçi olmadı. Vasitəçiliyə gəlincə, biz Türkiyə olaraq 2022-ci ildən bu rolu öz üzərimizə götürdük və Qara Dəniz Taxıl Dəhlizinin açılmasına nail olduq”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, Avropaya ixrac olunan taxılın təxminən 44 faizi Ukraynadan, 16 faizi Türkiyədən, 14 faizi Afrika ölkələrindən daşınıb. Dövlət başçısı həmçinin bildirib ki, Türkiyə Rusiya və BMT ilə razılaşdırılaraq, ehtiyacı olan Afrika ölkələrinə göndərilmək üçün Rusiya taxılından un istehsal etmək niyyətindədir: “Əlbəttə, indi işin daha gərgin tərəfi var – gübrə məsələsi. Yenə də ümid edirəm ki, Rusiya ilə birlikdə addımlar atacağıq”, – o əlavə edib.
//Samir Qurbanov, Editor.az

