Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukraynada atəşkəsə nail olmaq və taxıl müqaviləsini canlandırmaq üçün səy göstərəcəyinə söz verib.
O, bunu BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı deyib.
Ərdoğan və Zelenski danışıqlar aparıb. Onlar ölkələr arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə lideri qeyd edib ki, Kiyev və Moskva arasında münaqişənin danışıqlar yolu ilə həll oluna biləcəyinə əmindir.
O, Ankaranın sülh və Qara Dəniz Təşəbbüsünün bərpası üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu vurğulayıb. Daha əvvəl Rəcəb Tayyib Ərdoğan demişdi ki, 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların pozulmasına görə “müəyyən lobbilər” məsuliyyət daşıyır. Türkiyə liderinin qeyd etdiyi kimi, bu qüvvələr münaqişənin sülh yolu ilə həllini istəmirdi.
//Samir Qurbanov, Editor.az