Mayın 27-də Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah şəhərində nəzarət-buraxılış məntəqəsində İsrail və Misir ordusunun əsgərləri arasında atışma olub.
Misir tərəfi bir sərhədçinin öldüyünü, İsrail tərəfi isə bu insidentlə bağlı araşdırma apardığını bildirib: “Bir neçə saat əvvəl Misir sərhədində atışma olub. Hazırda araşdırma və danışıqlar aparılır”, – İsrail Müdafiə Nazirliyinin Teleqram mesajında deyilir. İsrailin Kan radiosunun məlumatına görə, İDF hərbçiləri arasında itki yoxdur.
Misir ordusu öz Facebook səhifəsində atışma zamanı bir sərhədçinin həlak olduğunu bildirib. Misir də öz araşdırmasına başlayıb. Xatırladaq ki, Rəfah keçid məntəqəsi Misirlə Qəzza zolağı arasında yeganə keçid məntəqəsidir. Humanitar yardımın böyük hissəsi anklav ərazisinə onun vasitəsilə daxil olur.
//Samir Qurbanov, Editor.az