Region partlayış ehtimalı ilə qarşı-qarşıyadır: yeni oyunçular münaqişəyə cəlb oluna bilərbackend

Region partlayış ehtimalı ilə qarşı-qarşıyadır: yeni oyunçular münaqişəyə cəlb oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fars körfəzi ətrafında gərginliyin artması regionun geosiyasi və iqtisadi stabilliyinə ciddi təzyiq yaradır. Strateji boğazların təhlükəsizliyi və nəqliyyat marşrutlarının fasiləsizliyi qlobal ticarət üçün kritik əhəmiyyət daşıyır. Ekspertlər bildirirlər ki, mövcud vəziyyət yalnız enerji və logistika sistemlərinə təsir etməklə kifayətlənməyəcək, həm də yeni ölkələrin münaqişəyə cəlb olunması riskini artıraraq regiondakı balansı dəyişdirə bilər.

Siyasi şərhçi Azər Qasımov Editor.az-a bildirib ki, Yaxın Şərq ölkələrinin davam edən münaqişəyə qoşulması prosesi, hadisələrin ilk günündən İranın ərəb ölkələrini raket və dron zərbələrinə məruz qoyması ilə de-fakto başlayıb:

“Gələn xəbərlər göstərir ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər kimi ərəb ölkələri artıq münaqişəyə qatılıb, baxmayaraq ki, hələ rəsmi bəyanat yoxdur. ABŞ-ın quru əməliyyatlara hazırlıq görməsi və İran ərazisinə qoşun yerləşdirməsi isə onu göstərir ki, yeni ölkələrin mütləq müharibəyə cəlb olunması ehtimalı yüksəkdir. İran bəyan edib ki, bu halda həmin ölkələrin ərazisini işğal etməyə hazırdır və bunun üçün bir milyon əsgəri silah altına alıb. Görünən odur ki, müharibənin coğrafiyası de-fakto genişlənməkdədir. Türkiyə də bildirib ki, kürd qruplaşmalarının İran ərazisinə daxil olması halında onlara qarşı zərbələr endirəcək.

Proseslər hər an nəzarətdən çıxa bilər. İran hakimiyyətinin təslim olma ehtimalı praktiki olaraq sıfırdır. Hazırda aydın görünən tək məqam budur ki, Yaxın Şərq əvvəlki kimi geosiyasi konfiqurasiyaya sahib olmayacaq və daha mürəkkəb geosiyasi reallıqlar formalaşacaq. ABŞ-ın quru əməliyyatlarının nəticələri isə prosesin gələcək trayektoriyasını müəyyən edəcək”.

//Gülnarə Abasova, Editor.az