“Yaxın Şərqdəki gərginlik daha öncədən planlanmış, hazırlanmış məsələ idi”.
Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova İran Silahlı Qüvvələrinin “İqtidar 1402” (“Güc-2023”) devizi altında irimiqyaslı hərbi təlim keçirməsi və ABŞ Silahlı Qüvvələrinin Prezident Co Baydenin göstərişi ilə Suriyada İrana bağlı iki hədəfə zərbələr endirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, HƏMAS-ın İsrailə endirdiyi zərbələr fonunda lokal müharibə başladı:
“Bu müharibəyə Qərb ölkələri və digər dövlətlər də yavaş-yavaş qarışmağa başlayıb. İsrail də bu qarşıdurmaya zəmin yaradıb. Artıq 21 gündür ki, müharibə davam edir. Qəzzada insanların ağır vəziyyətdə olması bütün dünyanı sarsıdıb. İsrail-Fələstin, Rusiya-Ukrayna müharibəsinə belə Qərb və Amerika öz maddi maraqlarını güdərək qarışır və tərəflər arasında sakitlik yaratmaq əvəzinə prosesi daha da kəskin vəziyyətə gətirməyə çalışırlar. Amerika Prezidenti Co Baydenin çıxışlarında belə insan haqlarının çeynənilməsi faktı özünü göstərir. Bu da Amerikanın imicini aşkara çıxartmış oldu”.
Politoloqun fikrincə, Ukrayna torpaqlarında Rusiyanı çökəltmək üçün savaşa girən Amerika rəsmi Kiyevdə tətbiq etdiyi strategiyanı indi də İsrail-Fələstin münaqişəsində reallaşdırmaq istəyir:
” Amerikanın bir nömrəli hədəfi İrandır. Bunu da İsrail vasitəsilə həyata keçirmək istəyir. Amerikanın İran bazalarını vurması tərəflər arasında gərginliyi artırır. Rəsmi Tehran da bəyanat verdi ki, bu kimi hallar yenidən təkrarlanarsa, bu dəfə çox böyük cavab veriləcək. Rəsmi Tehranda geniş miqyaslı təlimlərin keçirilməsi onu göstərir ki, İran gücü və müharibəyə başlamaq imkanın olduğunu nümayiş etdirir”.
R.Məmmədova Yaxın Şərqdəki vəziyyətin yavaş-yavaş Türkiyəyə keçməsinin planlaşdırıldığını düşünür:
” Türkiyə, İran və Rusiyanın rolu olan layihələrin Amerika tərəfindən qəbul edilməməsi də dediklərimizi əsaslandırır. Amerika demokratik dövlət deyil, bütün dünyaya müharibə gətirilməsində maraqlıdır. Bununla da silah satışı həyata keçirərək öz maddi rifahını yüksəltməyə çalışır. İranın müharibəyə daxil olması Yaxın Şərq və Qafqaz regionunu alovlandıracaq. Onu da qeyd edim ki, sonuncu “3+3″ formatında keçirilən görüşdən də məlum oldu ki,tərəflər bölgədəki müharibələrin danışıqlar yolu ilə həll edilməsini əsas götürürlər. Elə bu da Amerika və Qərbə çox böyük bir mesajdır”.
//Safura Bənnayeva, Editor.az

