“”Hizbullah” İsrailin təhlükəsizliyinə təhdid yaradan siyasi silahlı birləşmədir. Bu təşkilat İran tərəfindən hər tərəfli dəstəklənir. Müharibə, yaxud silahlı münaqişənin başqa ərazilərə keçməsi ehtimalı azdır. Müxtəlif İslam müqaviməti adı altında fəaliyyət göstərən iranyönlü müxtəlif qruplaşmalar İsrailə qarşı müharibəyə səfərbər olunur. Artıq İranın İraqda formalaşdırdığı İslam Müqavimət Hərəkatı ötən gün İsrailə qarşı əməliyyatlara qoşulub”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
Politoloqun sözlərinə görə hələ Livanla İsrail arasında sərhədlərin delimitasiya və demakrasiyası ilə bağlı saziş imzalanmayıb:
” Bu, İsrailə Livan ərazisində “Hizbullah”ın hərbi obyektlərinə qarşı əməliyyat keçirtməyə imkan verir. Çünki həmin hərbi obyektlərdən İsrailə raketlər atılır. Başqa bir tərəfdən 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə qarşı müharibəyə başlayandan sonra “Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah bəyan edib ki, müharibədə HƏMAS-ı müdafiə edirlər və İsrailə qarşı müharibədə iştirak edirlər. Bu isə o deməkdir ki, “Hizbullah” İsrailə qarşı müharibəyə təxminən 1 il öncədən başlayıb. Müharibə yeni deyil. Regionda gərginliyin artması ehtimalı isə azdır. Çünki regionun ərəb ölkələri açıq yaxud dolayı bəyanatları ilə bu müharibəni dəstəkləmirlər. Onların əsas hədəfləri müharibənin bitməsi və Fələstinin müstəqilliyinin dünyanın bütün ölkələri, o cümlədən Qərb tərəfindən tanınmasıdır. Bu kimi səbəblərdən də ərəblər müharibədə fəal deyillər. Əgər ərəblər müharibədə fəal deyillərsə, o zaman gərginliyin artması ehtimalı da azdır. Bu hərbi əməliyyatlar İran-İsrail arasında baş verə bilər. İran isə hələ də İsrailə qarşı İsmayıl Haniyə ilə bağlı keçirtmək niyyətində olduğu əməliyyatı reallaşdırmır və bunun vaxtının hələ yetişmədiyini bildirir”.
//Gülnarə Abasova, Editor.az