Artıq 10 gündür ki, Laçın-Xankəndi yolunda aksiyalar davam edir. Bu müddət ərzində Laçın yolu sülhməramlılar tərəfindən bağlanıb. Rusiya tərəfindən əraziyə gətirilən Ruben Vardanyan məsələ ilə bağlı danışarkən qeyd edib ki, “Bu blokadadır, humanitar böhrandır, bu müharibədə qalib gəlmək üçün biz birləşməli və hər şeyi etməliyik”.
Bir çox ekspertlər bildirir ki, bu kimi açıqlamalar Ermənistanı iki variant arasında seçim qarşısında qoymağa planlanıb, yəni bir tərəfdən rəsmi İrəvanı müharibəyə həvəsləndirir.
Məsələni Editor.az-a şərh edən siyasi şərhçi Tural İsmayılov bildirib ki, regionda vəziyyətin gərgin qalmasının əsas günahkarı Ermənistandır:

“Qarabağda yaşayan azsaylı erməni əhalisi Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının taleyi ölkəmizin maraqlarına uyğun olan məsələdir. Hansısa xarici güclərin Xankəndi və ətrafında yaşayan vətəndaşlarımızdan istifadə etmək cəhdləri qəbuledilməzdir. Ruben Vardanyan konkret olaraq təxribatlar törətmək üçün Xankəndiyə göndərilib. Separatçı, terrorçu birləşməyə “rəhbərlik” edən birindən Azərbaycana qarşı ancaq belə məkrli açıqlamalar gözləmək olardı. Azərbaycan öz təbii sərvətlərinin talan edilməsinə qarşı çıxır. Dəfələrlə müşahidə missiyası göndərməyə cəhd edir. Amma bunun da qarşısı alınıb. Buna görə də azərbaycanlı ekofəallar artıq 10 gündən çoxdur ki, Laçın-Xankəndi yolunda aksiyaları davam etdirirlər. Azərbaycan bundan sonra regionda sülh və sabitliyin olmasında maraqlıdır. Buna görə də Ermənistana 5 maddəlik sülh təklif edib. Amma vəziyyət gərginləşərsə, bunun tək səbəbkarı Ermənistan olacaq”.
//Safura Bənnayeva, Editor.az

