Regionda yeni müharibə ocağı yaradılır? – Ermənistandan istifadə edirlərbackend

Regionda yeni müharibə ocağı yaradılır? – Ermənistandan istifadə edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün baş tutan Brüssel görüşü Ermənistan mətbuatında şişirdildiyi qədər ajiotaj yaratmadı. Sönük keçən görüşdə ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib. Görüşdə NATO-un baş katibi Yens Stoltenberqi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel əvəzləyib. Görüşdə əsasən iqtisadi məsələlər müzakirə olunub, Ermənistana həm ABŞ, həm də Aİ tərəfindən milyonlar ayırılıb.

Görüşdə elan olunub ki, Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib. O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: “Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik”. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənsitanda islahatlarda dəstək verməyə davam edəcək. Ursula von der Leyen deyib ki, Aİ ötən ilin sentyabrından bəri Qarabağı tərk edən ermənilərin inteqrasiyası üçün 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.

Siyasi şərhçi Elxan Şahinoğlu düşünür ki, Paşinyan Brüsseldə olarkən mövqelərimizin atəşə tutulması Ermənistanda ona quyu qazılmasının göstəricisidir: “Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində atışma qeydə alınırdı. Halbuki, Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirini sakit durmağı xəbərdar etməli idi. Əgər belə bir xəbərdarlığa rəğmən, ordu Azərbaycan ərazisini atəşə tutubsa, demək Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var”, – o qeyd edib.

Aİİ İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin erməni mediasına müsahibəsində deyib ki, Brüssel sammiti İrana qarşı müharibə hazırlığıdır. O vurğulayıb ki, Qərb hazırda bir neçə istiqamətdə, o cümlədən fələstinlilərin İsraildən təmizlənməsi ilə Böyük İsrail layihəsinin həyata keçirilməsi yolu ilə genişlənir: “İkinci vəzifə İrana yaxınlaşmaq və onun təsirini minimuma endirmək üçün onu hərbi əməliyyatlara təhrik etmək və ola bilsin ki, bir faktor kimi İranı məhv etməkdir. Rusiyaya gəldikdə isə ikinci mərhələyə keçid hazırlanır – Rusiya Federasiyasının NATO ilə, ola bilsin ki, Baltikyanı regionda, Polşada, Rumıniyada qarşıdurmaya cəlb edilməsi planlaşdırılır. Cənubi Qafqaza gəlincə, prioritet vəzifə region ölkələrini İranla qarşıdurmaya cəlb etməkdir. NATO Ermənistan vasitəsilə regiona nüfuz etməli və İranı təxribata çəkməlidir.

Ermənistandan istifadə olunacaq. Paşinyana və ətrafına pul, kredit, xarici ölkələrə səfərlər və bəzi təşkilatlarda iştirak vəd edilib. Lakin reallıqda söhbət Ermənistanın ardıcıl olaraq Qərbin müstəmləkəsinə çevrilməsindən gedir. Qərbin coğrafi mövqeyindən başqa Ermənistan nəyinə lazımdır? Bu coğrafi mövqe İrana hücum etmək üçün istifadə olunacaq.

Ermənistandan Qərb dövlətlərinin, ilk növbədə İngiltərənin maraqları üçün istifadə olunacaq. London 2018-ci ildə Ermənistanda dövlət çevrilişi təşkil edib, öz adamlarını ölkə başına qoyub və Ermənistanı get-gedə öz maraqlarının oyuncağına çevirir”.

Qərbin yenə Ermənistanı aldatdığı görünür. Böyük ümidlərlə Brüsselə yollanan Paşinyanın gözləntilərinin yüksək olmasına baxmayaraq istəyinə nail ola bilməməsi, əksinə qarşısına xeyli tələbin qoyulduğu bəllidir. İrəvanın “Hraparak” qəzetində dərc olunan məqalələr də bunu deməyə əsas verir. İrəvan isə ona verilən əmrləri və göstərişləri yerinə yetirərsə, çox ciddi itkilərlə üzləşəcək.

Milli.az