Regionlara köç strateji planlaşdırmaya ƏSASLANMALIDIRbackend

Regionlara köç strateji planlaşdırmaya ƏSASLANMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Regionlara köç strateji planlaşdırmaya əsaslanmalıdır. Ölkə iqtisadiyyatının, sosial mühitin inkişafının strateji planlaşdırılması bu səbəblərdən labüddur. Əks halda belə məsələlərin həllinə dayanıqlı şəkildə nail olmaq mümkün deyil. Belə ki, bölgələrdə əmək haqlarının 30 faiz, hətta 50 faiz artırılması şərti ilə belə lazım olan həcmdə işgüzar fəallığı, regionlara köçü reallaşdırmaq mümkün deyil”.

Bunu iqtisadçı ekspert Elşad Məmmədov Editor.az-a açıqlamasında bildirib.

Ekspert hesab edir ki, əmək resurslarının, məhsuldar qüvvələrin, iqtisadi subyektlərin yerləşdirilməsi strateji planlaşdırmaya əsaslanmalıdır:

“Buna uyğun şəkildə mütləq sosial, humanitar, mədəni infrastruktur olmalıdır. Çünki bunlar olmasa, hansısa ekspertlərin çağırışları əsasında bölgələrin sosial iqtisadi inkişafını, əhalinin sayının çoxalmasını təmin etmək mümkün deyil. Düşünürəm ki, məsələyə kompleks  yanaşma olmalı, mütləq şəkildə sosial-iqtisadi inkişafın strateji planlaşdırılması təmin edilməlidir. Hansı bölgədə təqribi hansı sayda əhalinin dayanıqlı şəkildə yaşaması və öz sosial, iqtisadi, humanitar, mədəni inkişafının təmin edilməsi bir hədəf kimi götürülməlidir. Buna əsasən isə müvafiq olaraq sosial, humanitar, mədəni, iqtisadi infrastruktur təminatı olmalıdır. Belə ki, məsələ yalnız maddiyyat deyil. Müvafiq qaydada insanların sosial-mədəni inkişafına yönəlik addımlar atılmalı, yanaşmalar tətbiq olunmalıdır, ki bu da strateji planlaşdırmaya əsaslanmalıdır”.

Mövzu ilə bağlı Editor.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov isə bildirib ki, dünyanın heç bir yerində böyük şəhərlərdən regionlara axın olmur:

“Bəzi kiçik istisnalar hallar ola bilər. Əksinə dünya urbanizasiyaya, sənayeləşməyə doğru gedir. Urbanizasiya isə yalnız bir şəhərin böyüməsi deyil, ümumiyyətlə, şəhər sayının artmasıdır. Gələcəkdə Bakıdan regionlara axının artmasını gözləmək doğru deyil. Ümumiyyətlə, bunun baş vermə ehtimalı azdır. Bundan sonra yalnız regionlardan Bakıya axının qarşısını almaq üçün tədbirlər görülməlidir. Bunun üçün bilavasitə regionlarda məşğulluğun artırılmasına, sahibkarlığın daha çox inkişaf etdirilməsinə ehtiyac var”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.