Regionların İNKİŞAFI yolunda: “Həyata keçirilən nəhəng sosial infrastruktur quruculuğu işləri nəticəsində mənzərə tamamilə dəyişib”backend

Regionların İNKİŞAFI yolunda: “Həyata keçirilən nəhəng sosial infrastruktur quruculuğu işləri nəticəsində mənzərə tamamilə dəyişib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Ölkəmizdə indiyə qədər bir çox regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul olunmuş və həyata keçirilmişdir. Hal-hazırda bu istiqamətdə 4-cü proqramdır ki, icra olunmaqdadır. Bu proqramların qəbul olunub həyata keçirilməsi təşəbbüsü dövlət başçısı İlham Əliyevə məxsusdur ki, məhz 2003-cü ildən hakimiyyətə gəldikdən sonra belə bir vəzifə qarşıya qoymuş və regionların inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü irəli sürmüşdür”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başlayıb:

“24 noyabr 2003-cü ildə qəbul edilmiş
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı çərçivəsində Azərbaycanın bölgələrində, kəndlərdə, rayonlarda, şəhərlərdə geniş işlər görülmüş və yeni iş yerlərinin yaradılmasına nail olunmuş, xüsusən də müasir infrastruktur sahələrinin təşəkkül tapmasına nail olunmuşdur. Bu və ya digər ölkədə iqtisadiyyatın inkişafı üçün ilk növbədə infrastrukturun yaradılması tələb olunur. Azərbaycanda da qəbul olunub həyata keçirilən regionların sosial- iqtisadi inkişafi ilə bağlı dövlət proqramlarında bölgə və regionlarda müvafiq infrastrukturun təşəkkül tapması ən böyük nəticə hesab olunmalıdır. Müasir infrastrukturun yaradılması və proqramların uğurlu icrası  nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması  ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. Hal-hazırda bu istiqamətdə icra olunan proqramların özəlliyi ondan ibarətdir ki, burada müəyyən konkret istiqamətlər üzrə vəzifələr ortaya qoyulur və həyata keçirilməsi üçün zaman müddəti müəyyən edilir. Biz şahidi oluruq ki, on illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Əlbəttə ki, sözügedən proqramların uğurlu nəticələri ilə yanaşı, neqativ hallar da müşahidə edilir. Bu istiqamətdə qarşıya qoyulan bütün vəzifələrə nail olmaq mümkün olmayıb”.

P. Heyderov onu da qeyd edib ki, son illərə qədər Azərbaycanda regionların mərkəzdən aslılığı güclü idi:

” Sevindirici haldır ki, son illərdə dövlət büdcələri hazırlanan zaman biz artıq regionların mərkəzdən maliyyə asılılığının azalmasının şahidi oluruq. Onlarla rayonlarımız artıq mərkəzi büdcədən aslı deyil. Onlar artıq özləri özlərini maliyyələşdirmək imkanındadırlar. Bu faktın özü regionların inkişafı istiqamətində həyata keçirilən sosial- iqtisadi inkişaf proqramlarının ən böyük nəticəsi hesab olunmalıdır. Bununla belə etiraf etmək lazımdır ki, ölkənin paytaxtı Bakı şəhəri ilə müqayisə etdikdə regionların inkişaf xüsusiyyətləri arasında işlə təmin olunmaqdan tutmuş digər iqtisadi amillərə qədər müəyyən çətinlik qalmaqdadır. Bölgələrdən iş üçün mərkəzi şəhərlərə, xüsusilə Bakıya üz tutanların sayı hələ də çoxdur. Bu isə onu göstərir ki, regionlarda görülən işlər hələ kifayət etmir, bölgələrimizdə məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması istiqamətində hələ görüləsi işlər xeyli çoxdur. Məlumdur ki, paralel olaraq hökumət strukturları da bu işlərlə məşğuldur. Xüsusən də aqrar sektorun inkişafı ilə əlaqədar geniş işlər görülür. Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizdən çoxu regionlarda yerləşir. Onları məşğulluğunun təmini yerlərdə aqrar sektorun inkişafını olduqca vacib hesab edir. Bakı şəhəri ilə bölgələr arasında iqtisadi və digər amillər baxımından fərqliliyin aradan götürülməsi üçün ilk növbədə yerlərdə məşğulluq probleminin həllinə ciddi fikir verməli, daha çox iş yerlərinin açılması, istehsal sahələrinin yaranmasına xüsusən də aqrar sektorun inkişafına xüsusilə böyük diqqət yetirilməlidir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.