“Regionların sosial-iqtisadi inkişafı üçün bu məsələlər tamamilə aradan qaldırılmalıdır”- ŞƏRHbackend

“Regionların sosial-iqtisadi inkişafı üçün bu məsələlər tamamilə aradan qaldırılmalıdır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Regionların sosial-iqtisadi inkişafı geniş anlam daşıyan məsələdir. Qeyri-neft sektorunun inkişafında təbii ki, regionların töhfəsi böyük olmalı, üzərinə böyük pay düşməlidir. Məlumdur ki, bölgələrin inkişafı üçün bir neçə Dövlət Proqramı həyata keçirilmişdir və indi də icra edilməkdədir. Bütün bunların nəticəsi olub ki, regionlarımızın infrastruktur imkanları bu gün müasir səviyyədə təşkil edir, məşğulluq üçün geniş imkanlar mövcuddur, istehsal və kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq müəssisələr yaradılmışdır. Lakin əsas məsələ aqrar istehsalın inkişafı və təşkilidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, kənd təsərrüfatı iqtisadiyyat və onun xüsusən qeyri-neft sektoru hissəsinin ən mühüm qolunu təşkil edir:

“Odur ki, bunun üçün sahibkarlığın, onun kiçik və orta seqmentinin genişlənməsi vacibdir. Ölkədə bu sahədə hökumət və dövlət tərəfindən hər cür imkanlar yaradılıb və yaradılmaqdadır. Məmur özbaşınalığına və subyektiv maneə və əngəllərə gəlincə isə getdikcə bunlara heç bir şərait və imkan qalmayacaq. Çünki şəffaflaşdırma prosesi və islahatları bütün bunları tədricən aradan götürür. Ona görə də bir sıra məmurların şəxsi maraqlarının regionların sosial-iqtisadi inkişafının qarşısını alması əvvəlki tək ciddi problem xüsusiyyəti kəsb etmir. Əsas odur ki, sahibkarlıq fəaliyyəti üçün stimullaşdırıcı tədbirlər daha çox həyata keçirilsin, aqrar istehsala maraq artsın, bazarlara çıxış asanlaşdırılsın, kənd təsərrüfatı məhsulları istehsalçıları və tədarükçülərinin ölkədən kənar bazarlara çıxmaq imkanları çox şaxəli xarakter daşısın”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, regional inkişaf balanslı iqtisadi artımın əldə edilməsi baxımından  çox vacibdir:

“Nəzərə almaq lazımdır ki, bölgələrin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən davamlı tapşırıqlar verilir və bu istiqamətdə  əsas hədəflər müəyyənləşdirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi və icrası da ondan xəbər verir ki, regionların inkişafı iqtisadi siyasətdə əsas istiqamətlərdəndir. Etiraf etmək lazımdır ki, bir sıra bölgələrdə biz biznesə yeni məmurlar tərəfindən müdaxilələri müşahidə edirik və bu da təbii ki, bölgələrə investisiyanın cəlb edilməsində çətinliklər yaradır. Ona görə bölgələrin inkişaf etdirilməsi üçün bir tərəfdən bu sahədə nəzarətin liberallaşdırılması və müdaxilələrin tamamilə aradan qaldırılması vacibdir. Digər tərəfdən də xüsusən də regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının artırılması olduqca əhəmiyyətlidir. Bankların təklif etdiyi kredit resurslarının 80 faizi Bakı və Abşeronun payına düşür. Ona görə çox vacibdir ki,  bölgələrdə fəaliyyət göstərən sahibkarlar da kreditlərdən istifadə edib daha çox sərmayə qoyuluşu həyata keçirə bilsinlər.  Bu baxımdan regionlarda islahatların dərinləşməsi kontekstində yersiz müdaxilələrin tamamilə aradan qaldırılması regionların inkişafı üçün xüsusi zəmin yarada bilər”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.