Regionlarla paytaxt arasında fərqi necə azaltmalı?- “Bakının “yük”ünü bölgələrlə bölüşmək olar…”backend

Regionlarla paytaxt arasında fərqi necə azaltmalı?- “Bakının “yük”ünü bölgələrlə bölüşmək olar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniliklərlə çıxış edən dövlətlərindən birinə çevrilib. Ölkənin daxili siyasətinin əsas prioritetlərindən biri şəhərlərlə yanaşı, regionların da sürətli inkişafının təmin olunmasıdır. Ölkəmizdə həyata keçirilən köklü iqtisadi islahatlar, aparılan abadlıq quruculuq işləri ölkənin ümumi inkişafına təkan verir. Eyni zamanda, mütəmadi olaraq regionlara səfər edən dövlət başçısı vəziyyətlə yerindəcə tanış olur, həm də əhalinin müxtəlif qruplarının sosial vəziyyəti ilə yaxından maraqlanır. Bütün bunlarla yanaşı isə, ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli yer tutan regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. Genişmiqyaslı proqramlar icrası nəticələrində regionların inkişafı istiqamətində nəzərdə tutulan bir çox məsələlər öz həllini tapır.

Son illərdə həm müharibə şəraitində , həm də koronavirus epidemiyası şəraitində olan ölkəmiz iqtisadi inkişafından da geri qalmadı. Prezident İlham Əliyevin düzgün strategiyası sayəsində baş verən proseslər ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilmədi.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri  Tahir Rzayev bildirib ki, Azərbaycan Respublikasında dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mühüm islahatlar ölkədə sosial həyatın yaxşılaşdırılmasında, iqtisadiyyatda və kənd təsərrüfatının ayrı-ayrı sahələrində irəliləyişlərə gətirib çıxarır. Xüsusilə regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən 4 dövlət proqramı bu gün regionlarda yeni iş yerlərinin yaradılmasında, emal sənayesi istiqamətində sürətli işlər həyata keçirilməsində mühüm rol oynayıb:

“Bu proqramlar sistemli, düşünülmüş və gələcəyə hesablanmış şəkildə həyata keçirilərək öz müsbət nəticələrini verməkdədir. Proqramlar üzrə bir çox məsələlər artıq öz həllini tapıb. Əgər bu proqramlar icra edilməsə idi, bu gün regionların iqtisadi inkişafından, əhalinin sosial rifahının yaxşılaşdırılmasından söhbət gedə bilməzdi. 2004-cü ildən həyata keçirilən bu proqramların icrası nəticəsində Azərbaycan şəhərləri və kəndləri arasındakı fərqlər aradan qaldırılır. Azərbaycan kəndi müasir yaşayış məntəqəsinə çevrilib. İllərdir regionların inkişafına dövlət büdcəsində xeyli vəsait ayrılıb. Kəndlərin əksəriyyətinə yüksək standartlı yollar çəkilib, regionlarda əhalinin işıq, qaz, su problemləri həll olunur. Regionlarda yeni iş yerlərinin yaradılması şəhərdən kəndlərə axını sürətləndirir. Əgər əvvəllər vətəndaşlarımız kütləvi halda şəhərə üz tuturdularsa, indi artıq vəziyyət dəyişib. Bu isə regionlarda sürətli inkişafın təmin olunduğunun göstəricisidir”.

Millət vəkili bildirib ki, son 6 aya nəzər salsaq yeni müharibədən çıxan, pandemiya şəraitində olan ölkəmizin iqtisadiyyatı xeyli inkişaf edib:

“Yarım ildə Azərbaycan iqtisadiyyatında 3 faiz qədər artım olub. Sənaye artımı 16-17 faizi təşkil edir. Sənaye parklarında məhsul istehsalı keçən ilə nisbətən 49 faiz artıb. İqtisadiyyatın artımı bu gün yeni layihələrin həyata keçirilməsinə imkan verir. Regionlarda aqrar sektorun inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Son illərdə əldə olunan nəticələr deməyə əsas verir ki, Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edir. Kənd təsərrüfatında 2 faiz, heyvandarlıqda 3 faiz artım müşahidə olunur. Regionların sosial iqtisadi inkişafının təmin olunması əhalinin əmək haqqlarının artmasına da təsir edir. Bu göstəricilər olduqca yüksəkdir. Hazırda dünya ölkələrinin əksəriyyəti qlobal pandemiyadan əziyyət çəkir və onlarda iqtisadi geriləmə müşahidə olunur. Ölkəmizdə isə vəziyyət tərsinədir. Bütün bunlar göstərir ki, xüsusilə regionların sosial iqtisadi inkişafı diqqət mərkəzində olan başlıca sahədir. Ölkə rəhbərinin tapşırıqları əsasında bu proqramlar sistemli şəkildə həyata keçirilir və hər il iqtisadi göstəricilər geniş miqyasda təhlil olunur”.

Tahir Rzayevin sözlərinə görə aqrar sektorun inkişafı emal sənayesinin sürətlə inkişafına, yeni emal müəssisələrinin yaradılmasına, sənaye parklarının salınmasına şərait yaradır:

” Ölkə rəhbəri ötən günlərdə Hacıqabul rayonuna səfəri zamanı bu müəssissələrin işini yüksək qiymətləndirməklə bərabər bildirdi ki, biz emal sənayesini inkişaf etdirməklə yanaşı, həm də kənd təsərrüfatını müasir üsullarla idarə etməyi öyrətməliyik. Bu yüksək texnologiyaların, yeni innovasiyaların, yeni texnikaların tətbiqi ilə əlaqədardır ki, gələcəkdə keyfiyyətli məhsulun əldə olunmasında mühüm rol oynayacaq. Məhsuldarlığın artırılması, əl əməyinin yüngülləşdirilməsi istiqamətində atılan addımlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilərimizin potensialı gələcəkdə Azərbaycan iqtisadiyyatına xeyli təsir göstərəcək. Bu gün həmin ərazilərdə həyata keçirilən mühüm tədbirlər ölkənin iqtisadi inkişafına bilavasitə yeni iş yerlərinin açılmasına və sağlam firavan həyata istiqamətləndirilib. İşğaldan azad edilmiş rayonlarımızda sürətlə abadlıq quruculuq işləri aparılır və rayonlarımız yenidən bərpa olunur. Füzuli beynəlxalq hava limanı istifadəyə verildi, Şuşaya yol çəkilir, kənd təsərrüfatı potensialı olan rayonlarda heyvandarlığın inkişafı üçün mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. Dövlət tərəfindən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsinə xüsusi diqqət ayrılıb. “Ağıllı kənd” regionun müasir şəkildə inkişafıdır. Dünyada bu tipli kəndlərin yaradılmasında ilk məqsədlərdən biri insanların şəhər yerlərinə axının qarşısını almaqdır. Bu layihələrin yerinə yetirilməsi həmin regionlarda insanların texnoloji proseslərdən geniş şəkildə istifadəsinə, mənəvi istirahətinə, alnernativ enerjidən istifadəyə və yeni iş yerləninin yaradılması ilə bərabər, həmin iş yerlərində istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Regionda dövlət sektorunun, kiçik və orta biznes sektorunun fəaliyyətinin avtomatlaşdırılması üzrə strateji planlar da hazırlanıb. Bütün bunlar nəticəsində Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Ölkə rəhbərinin düşünülmüş siyasəti sayəsində nəzərdə tutulan bütün istiqamətlərdə layihələr sürətlə həyata keçiriləcək”.

İqtisadi ekspert Elşən Bağırzadə Editor.az-a  bildirib ki, hökumətin açıqladığı statistik rəqəmlər göstərir ki, 2004-cü ildən bu tərəfə Azərbaycan regionlarının inkişafı istiqamətində çox böyük məbləğdə vəsait sərf edilib:

“Şübhəsiz ki, bu gün biz bu proqramların icrası nəticəsində əsas nailiyyət kimi regionlardakı infrastrukturun inkişafını göstərə bilərik. Bu inkişaf demək olar ki, hər kəs tərəfindən qəbul edilən nəticədir. Ancaq infrastrukturun bu qədər inkişaf etməsinə baxmayaraq, regionlarda iqtisadi fəallığın arzuolunan səviyyədə olmadığı da bir başqa həqiqətdir. Fikrimcə, bundan sonra regionlarda infrastrukur layihələrini tamamlamaqla yanaşı, həm də daha çox iqtisadi fəallığı yüksəldəcək, sahibkarlıq fəaliyyətinin canlanmasına xidmət edəcək mühityaradıcı amilləri hərəkətə gətirməliyik. Hesab edirəm ki, Qarabağın bərpası prosesi bu baxımdan ölkə üçün geniş fürsət pəncərəsi açır. Regional inkişaf sahəsində əvvəllər yol verdiyimiz xətaları Qarabağın bərpası prosesində düzəldə bilərik və bu ölkəyə regional inkişaf sahəsində yaxşı təcrübə qazandırmış olar”.

Ekspertin sözlərinə görə bundan sonra qoyulacaq investisiyaların səmərəliliyini təmin etmək, onlara yanaşmada ardıcıllıq və bir-birini tamamlama prinsipilərini gözləmək də diqqət yetirilməsi vacib məqamlardır:

“Eyni zamanda hesab edirəm ki, dövlət Bakının “yük”ünü regionlarla bölüşmək istiqamətində də bəzi addımlar ata bilər və indi bunun üçün daha yaxşı şərait var. Məsələn, deyək ki, bütün ali təhsil müəssisələrinin, onların bütün fakültə və institutlarının paytaxtda fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Ölkənin hər tərəfində internet, rabitə, yollar, hava limanları və.s var və belə şəraitdə universitetlər Bakıdan kənarda da daha yaxşı fəaliyyət göstərə bilərlər və iqtisadiyyata da töhfələri daha çox ola bilər. Onu da qeyd edim ki, əsasən Bakıda yerləşən məcburi köçkünlərin Qarabağa qayıdışı, bu istiqamətdəki işlərin də sürətlənməsinə ciddi təkan verə bilər”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.