Regionu gözləyən böyük təhlükə: “İrandan Qafqaza doğru milyonlarla qaçqın axını ola bilər”backend

Regionu gözləyən böyük təhlükə: “İrandan Qafqaza doğru milyonlarla qaçqın axını ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə bir ildən artıqdır ki,İsraillə İranın proksi gücləri (Hizbullah,HƏMAS,Haşdi-Şabi,Husilər) arasında davam edən qanlı savaş artıq birbaşa İranın içərilərinə doğru sıçramaq ərəfəsindədir. Keçdiyimiz günlərdə İsrail hava qüvvələrinin İranın daxilində 20-dən artıq hədəfin üç qatlı zərbələrlə,yəni qırıcı, dron və raketlərlə vurması savaşın yeni mərhələyə keçdiyini göstərən əlamət sayıla bilər. Hələ bu zərbələr endirilməzdən əvvəl ABŞ-dan gələn açıqlamalarda hava zərbələrinin nüvə və neft obyektlərinin hədəf alınmaması istənilirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, istənilən halda İranla İsrail arasında baş verəcək açıq bir savaş təkcə şərq regionunu deyil, daha geniş coğrafiyanı, o cümlədən Qafqazı da böyük fəlakətlərlə üz-üzə qoya bilər:

“İranın hərbi-nüvə və atom elektrik stansiyalarının ölkənin cənubunda, Fars körfəzi rayonunda yerləşdiyini nəzərə alsaq, belə bir fəlakətin daha çox körfəz ölkələrində yaşana biləcəyini ehtimal etmək olar. Fikrimcə, bölgənin şiddətli bir müharibəyə məruz qalacağı təqdirdə, regionu gözləyən təhlükə başqadır. Bu təhlükə İrandan Qafqaza doğru milyonlarla qaçqın axının olma ehtimalıdır.

Hesablamalara görə, bölgəmiz belə bir durumda beş milyon qaçqın axını ilə üz-üzə qala bilər ki, bu da çox böyük humanitar fəlakətə, siyasi-iqtisadi risklərə səbəb ola bilər. Yaxın Şərqi və regionda sabitlik yaradacaq hadisə İran və İsrail arasında problemlərin diplomatik yollar və vasitələrlə həll etmək olardı. Hər iki ölkə arasında diplomatik imkanların sülhün və barışın təsis edilməsinə gücü yetəcəkmi? Onu qarşıdakı zaman ərzində görəcəyik”.

//Gülnarə Abasova, Editor.az