Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət, qazandığı hərbi və diplomatik nailiyyətlər ölkəmizi regionun aparıcı aktoruna çevirib. 2020-ci il Vətən müharibəsində əldə olunan qələbə ilə başlanmış yeni mərhələ, artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır, qlobal miqyasda strateji əməkdaşlıq platformaları yaradır. ABŞ-la strateji müttəfiqlik, Çinlə artan siyasi-iqtisadi inteqrasiya və beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın açar rolunu möhkəmləndirməsi, ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub xəttində əvəzolunmaz oyunçuya çevrildiyini göstərir. Bu şəraitdə Azərbaycanın regional güc mərkəzinə transformasiyası, eyni zamanda, rəqiblər və xüsusilə də Rusiya üçün ciddi strateji çağırışlar yaradır.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və geniş spektri əhatə edir:
“Vətən müharibəsində və ondan sonrakı mərhələdə qazanılan hərbi və diplomatik qələbələr Cənubi Qafqaz üçün yeni üfüqlər açıb. 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, həmçinin ABŞ-la strateji müttəfiqliyi təsbit edən sənədlərin imzalanması regionun Azərbaycan liderliyində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Azərbaycanın təşəbbüsləri nəticəsində təkcə regionda sülh və sabitlik bərqərar olunmur, həm də sosial-iqtisadi inkişaf üçün geniş perspektivlər açılır. Son dövrlərdə Çin Xalq Respublikası ilə sürətlə artan əlaqələr göstərir ki, yaxın gələcəkdə ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin ən mühüm tranzit nöqtəsinə çevriləcək. Bu isə Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihənin reallaşmasının mümkünsüzlüyünü ortaya qoyur. Hazırda ŞƏT çərçivəsində keçirilən görüşlər və qlobal şirkətlərlə aparılan danışıqlar ölkəmizin artan nüfuzunu bir daha nümayiş etdirir”.
Politoloqun sözlərinə görə, Azərbaycanın artan nüfuzu müəyyən dairələrdə, xüsusən də şimal qonşumuz Rusiyada qısqanclıqla qarşılanır:
“Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi uğursuzluqlarla üzləşən Moskva yanlış siyasətini dəyişmək əvəzinə, Bakıya təzyiq, şantaj və hədə yolu seçir. Ukrayna müharibəsində bataqlığa düşən Rusiya xarici siyasətdə də ciddi səhvlərə yol verir.
Lakin bu xəttin davamlı olması çətindir. Çünki Azərbaycan təkcə Qərb və Şərq arasında deyil, həm də Şimal və Cənub arasında vacib tranzit ölkədir. Rusiyanın İrana, Fars körfəzinə və oradan da okeanlara açılan ticarət yolları, həmçinin Ukrayna təcavüzü səbəbilə Avropaya bağlanan enerji xətlərinin yeganə keçidi Azərbaycan üzərindən keçir. Bu yolların bağlanması Moskva üçün əsl fəlakət ola bilər”.
“Odur ki, Rusiya gecikmədən siyasətini korrektə etməli, təyyarə qəzası ilə bağlı Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Şantaj və təhdid yolu nə nəticə verəcək, nə də fayda gətirəcək – əksinə, Rusiyanın öz mövqeyini daha da zəiflədəcək”,- deyə F. Məhərrəmli fikirlərini yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az

