Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb. Görüşün sonunda birgə bəyannamə qəbul edilib.
Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.
Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.
Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.
Politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında Tehran görüşünün bir çox məsələlər baxımından tarixi əhəmiyyətə malik olduğunu bildirib:

“Belə ki İranda gerçəkləşdirilən görüşdə regional əhəmiyyətli mühüm siyasi hadisələr baş verdi. Əvvəla nəzərə almaq lazımdır ki, pandemiyadan sonra 3 ölkə lideri belə geniş tərkibdə demək olar ki ilk dəfədir bir araya gəlirdi. Nəticədə, hər üç ölkənin iqtisadi-siyasi imkanları genişləndirilir. Bilirik ki, Suriya siyasətində İran və Rusiyanın bir-birinə yaxın münasibətləri olsa da Türkiyə hər iki ölkədən bir qədər fərqli mövqe nümayiş etdirir. Türkiyə lideri dəfələrlə vurğulayıb ki. Suriyada insanlıq fəlakətinin yaşanmağına Türkiyə göz yuman deyil. Tehran görüşündə Suriya ilə bağlı mühüm mövqe ortaqlığı müəyyən edildi. Yekunda hər üç ölkənin Suriyanın taleyi ilə bağlı bir-birinə yaxın qərarlar verdiyi aydın oldu. Bundan başqa, aydın oldu ki, Turkiə Rusiya kimi İranla da Suriyada nizam-intizam üçün ortaq məntəqələr formalaşdıra bilər hansısa məqamda. Hesab edirəm ki, bu baxımdan kifayət qədər vacib və əhəmiyyətli qərarlar alındır”.
Siyasi analitikin sözlərinə görə, görüşün digər ən mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, “3+3” platformasının ideya müəlliflərindən olan Türkiyənin arzuladığı ssenari formalaşıb:
” Regionun 3 önəmli ölkəsi bir araya gələrək bir çox məsələlərdə ortaq həll yolları axtarırlar. Bu gün NATO üzvü kimi Türkiyə yeganə ölkədir ki, Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Eyni zamanda İranın bütün ideoloji fərqləri önə sürərək Türkiyə ilə münasibətlərdə dürüst görünməməyinə baxmayaraq Türkiyə və İranın da əməkdaşlıq imkanları genişdir. Cənubi Qafqazla bağlı məsələlərin də müzakirə olunduğu görüşdə Azərbaycanın regional əhəmiyyətindən də bəhs edilib”.
//Gülnarə Abasova, Editor.az

