“Ermənistanın mövcud geopolitik və geostrateji durumu kifayət qədər mürəkkəbdir. Regionun “zəif və cığal bəndi” olması səbəbilə bu bölgədə marağı olan köhnə və yeni aktorlar Cənubi Qafqazda maraqlarını məhz Ermənistan üzərindən həyata keçirmək niyyəti güdürlər. Orta Afrikada koloniyalarını Rusiyaya uduzan Fransa bunun revanşını Cənubi Qafqazda Ermənistanı ruslara qarşı qışqırdaraq almağa çalışır, İran da bu qarşıdurmanı “Sasani xülyalarını” gerçəkləşdirmək adına bir fürsət olaraq görür. Rusiyanın isə Ermənistanı əlini-qolunu sallayaraq tərk edəcəyini heç kim gözləməməlidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə, belə qarışıq bir durumda Ermənistanın hərbi-siyasi-diplomatik elitası vəziyyətdən çıxmaq, balanslaşdırılmış siyasət yürütmək əvəzinə, yeni “ağa”axtarışındadır:
“Əslində görünən odur ki, Ermənistan elitasının bu durumdan çıxmaqla bağlı nə keyfiyyəti, nə də bir plan və proqramı var. Ermənistanda zaman-zaman baş verən iğtişaşlar, qarşıdurmalar, verilən açıqlamalar bir daha sübut edir ki, Ermənistanın yeni dünya şərtlərində suveren bir ölkə olaraq yaşayacağı ciddi suallar doğurur. Çünki uzunmüddətli bir periodda ziqzaqlar cızaraq yol qət etmək və nəticə almaq mümkün deyil.
Ermənistan nə qədər ki, gec deyil, Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməlidir. Rəsmi İrəvan yalnız bu halda öz suverenliyini qoruya bilər”.
//Gülnarə Abasova, Editor.az