“Repetitorluq olmasa idi, təhsil tamamilə iflasa uğrayardı” – Nazir dedi, ekspert əsaslandırdıbackend

“Repetitorluq olmasa idi, təhsil tamamilə iflasa uğrayardı” – Nazir dedi, ekspert əsaslandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda repetitorluğun qadağan olunması gündəm mövzusu deyil.

Sitat: “Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli, riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repetitorluğun tərifini düzgün vermirik. Repetitorluq yalnız tənzimlənə bilər. Yəni, repetitorluq harda baş verə bilər, kim kimə repetitorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək”.

Nazirin bu açıqlaması ictimaiyyətdə növbəti müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov təəssüflə bildirib ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. O, burada kifayət qədər səbəb olduğunu deyib:

“Fikrimcə, öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub. SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir”.

Ekspert bildirib ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz:

“Əslində, təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin”.

K.Əsədov deyib ki, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır:

“Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyn iki repetitora 200 manat verməkdənsə, övladını 5 fənn üzrə kursa göndərir və iki repetitora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa, son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar.

Bundan başqa, bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər. Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər”.

Ekspert bildirib ki, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir:

“Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı təqdim edilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır. Ümumilikdə, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Təəssüf ki, hazırda müəyyən istisna hallardan başqa, qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib”.

K.Əsədov bildirib ki, repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil:

“Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərin buna məcbur olduqlarını da qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq – təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.

//Globalinfo.az