Bu gün Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov növbəti ad gününü qeyd edir.
47 yaşını qeyd edən Rəşad İsmayılov iyun ayının 7-i 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-1991-ci illərdə çox sayda nazir, deputat və siyasətçinin məzunu olduğu Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbdə təhsil alıb və məktəbi qızıl medalla bitirib. 1991-1996-cı illərdə təhsil aldığı Bakı Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsini də fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Rəşad İsmayılov 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsində təhsil alıb.
1996-2003-cü illərdə R.İsmayılovun əmək fəaliyyəti “Həyat” Qeyri-Hökümət Təşkilatında davam edib. O, qurumun Beynəlxalq Hüquq Departamentinə rəhbərlik edib.
R.İsmayılov daha sonra 2003-2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı “nın layihə rəhbəri olub. O, “Milli Sosial Müdafiə Sisteminin İnkişafı Proqramı”nın kordinatoru olaraq Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak etmışdir.
Rəşad İsmayılovun mühüm beynəlxalq fəaliyyəti 2008-2009-cu illərdə də davam edib. O, Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC- biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya –Azərbaycan Ticarət Palatasının rəhbəri olub.
R.İsmayılov daha sonra 2009-2010-cu illərdə Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru, 2011-2015 SOCAR – “Ekol Mühəndislik Xidmətləri “QSC- də Baş direktorun müavini vəzifələrində çalışmışdır.
2015-ci ilin oktyabr ayının 10-dan etibarən isə Rəşad İsmayılova Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilərək, Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
7 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Evlidir,iki övladı var.
İngilis, Rus, Türk və Rus dillərin bilir.
Vətənpərvər, müasir və hazırlıqlı diplomat, ənənəvi tərzdən uzaq diplomatik fəaliyyət
Azərbaycan ictimaiyyəti Səfir Rəşad İsmayılovun parlaq diplomatik fəaliyyəti ilə onun Azərbaycanın Batumidə Baş Konsulu vəzifəsində çalışdığı dövrdən tanış olmağa başlayıb.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın Batumidə Baş Konsulluğu 2010-cu ildə fəaliyyətə başlasa da cəmiyyət 2010-2015-ci illərdə ölkəmizin belə bir diplomatik təmsilçiliyinin olmasından demək olarki, xəbərsiz olub. İndi üzərində çox dayanmaq istəmədiyimiz subyektiv səbəblərdən Batumidəki Baş Konsulluğumuzun fəaliyyətindən yəqin ki, ancaq Xarici İşlər Nazirliyimizin məlumatı olub. Hər halda media üzərindən apardığımız araşdırmalar bunu deməyə əsas verir. Baxmayaraq ki, Batumi şəhəri ilə əməkdaşlıq Azərbaycan üçün siyasi və iqtisadi anlamda mühüm əhəmiyyət kəsb edir…
Tam məsuliyyətlə demək olar ki, Rəşad İsmayılovun Batumiyə Baş Konsul təyin edilməsindən sonra bu şəhərdəki diplomatik təmsilçiliyimizin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəldi. Onun rəhbərlik etdiyi dövr ərzində Batumidəki Baş Konsulluğumuz ölkəmizin ən aktiv və nüfuzlu diplomatik təmsilçiliklərindən birinə, Rəşad İsmayılov isə Azərbaycanı xaricdə ləyaqət və prinspiallıqla təmsil edən diplomatlarından birinə çevrildi.
Daha sonra Rəşad İsmayılova Azərbaycan və dünya üçün kifayət qədər strateji ölkə olan Qətər Dövlətində dövlətimizi təmsil etmək hüququ əmanət olunub.
Jurnalist həmkarlarımız təsdiq edər ki, az qalsın elə bir gün yoxdur ki, Azərbaycanın Qətərdəki səfirliyinin fəaliyyətini əks etdirən xəbərlərə şahidlik etməyək.
44 günlük Vətən Müharibəsi dövründə düşmənin informasiya blokadasını xarici KİV-lərə verdiyi mühüm mesajlarla darmadağın edən Prezident İlham Əliyevin siyasətini yol xəritəsi kimi seçən səfir Rəşad İsmayılov bu həssas dönəmdə kifayət qədər mürəkkəb siyasi sistemə malik Qətərdə Azərbaycanın haqq səsini, apardığımız mübarizəni təşkil olunan müxtəlif tədbirlər vasitəsi ilə Ərəb dünyası ictimaiyyətinin diqqətinə çatdıra bildi.
Diplomatiyamızın ən çox axsadığı xarici KİV-lə iş sahəsində səmərəli fəaliyyət qura bilən R.İsmayılov Vətən Müharibəsi dövründə bu imkandan ən yüksək istifadə edərək Qətərin ən nüfuzlu mətbu orqanlarında Qarabağ gerçəklərini təbliğ etməyə nail oldu.
Təsadüfi deyil ki bu dövrdə Azərbaycan səfirliyinin səmərəli işi nəticəsində Qətərdəki erməni diasporunun fəaliyyəti demək olar ki, tam məhdudlaşdırıldı.
Səfirliyin məqsədyönlü fəaliyyəti nəticəsində Qətər eyni zamanda Azərbaycan icmasının dövlət maraqları naminə vahid bir çətir altında birləşdiyi azsaylı ölkələrdən biri kimi fərqlənir. Biz bu fərqi Vətən Müharibəsi dönəmində daha aydın görə bildik.
Bir sözlə, Azərbaycan ictimaiyyəti Səfir R.İsmayılovun simasında mediaya və cəmiyyətə açıq, müasir və hazırlıqlı diplomat, ənənəvi “özün de, özün eşit” tərzindən uzaq, təmsil etdiyi ölkənin ictimai-siyasi həyatına uğurla inteqrasiya edə bilən diplomatik fəaliyyət müşahidə etməkdədir.
//Editor.az

