Rəşadətli ordumuzbackend

Rəşadətli ordumuz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi praktik şəkildə təsdiq etdi ki, Azərbaycan hərb meydanında ən xırda detalına qədər böyük üstünlüyə malikdir.

İlham Əliyevin ordu quruculuğunun ən əsas tərəfi isə müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikanın silahlı qüvvələrimizin arsenalına daxil edilməsidir. Son onilliklərdə bütün dünyada həyatın hər bir sahəsində baş verən dəyişikliklər, elmi və texniki inkişaf müasir döyüşlərin aparılmasına da ciddi korrektələr edilməsinə gətirib çıxarır. Məsələn, bu gün 30 il əvvəlin standartları ilə müharibə edib qalib gəlmək mümkün deyil.Azərbaycanda həyata keçirilən ordu quruculuğunda bu cür məsələlərin hamısı nəzərə alınıb. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları bu qəbildəndir. Azərbaycanda həyata keçirilən ordu quruculuğunun ən mühüm uğuru silahlı qüvvələrimizin döyüş imkanlarının tamamilə modernləşdirilməsidir.

Ermənistan Azərbaycan Ordusunun gücünü, ordu rəhbərliyinin savadlı strategiyasını hesablaya bilmədi. Eyni zamanda Azərbaycan cəmiyyətinin, bütövlükdə Azərbaycan xalqının torpaqlarının azadlığı uğrunda mübarizəyə necə hazır olduğunu, bunun üçün nümayiş etdiyi həmrəylinin miqyasını qiymətləndirməyi bacarmadı. Nəticədə Azərbaycan Ordusu ağlasığmaz uğurlara imza ata bildi. Belə ki, hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynayırdı, müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı, lakin Ordu rəhbərliyinin düzgün strategiyası bütün bu amilləri önəmsiz elədi. Azərbaycan Ordusu qeyri-bərabər şərtlərə baxmayaraq, düşməni darmadağın edə bildi. 27 il ərzində Ermənistan hərbçiləri işğal altında olan ərazilərə dərindən bələd ola bilmişdilər. Nəzərə alsaq ki, 44 günlük əks-hücumda iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, onların peşəkarlığına heyran olmamaq mümkün deyil. Onların qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Terrorçu ölkənin hərbi birləşmələri 44 günün içində darmadağın edildi. Bununla da, Ermənistan hakimiyyətinin erməni ictimaiyyətində “qalib ordu” obrazı sırımaq cəhdləri iflasa uğradı.
Ali Baş Komandanın dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası Paşinyanla yanaşı, erməni faşizmini də iflasa uğratdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı öz sözünü dedi. Lakin bu 44 günlük savaşda ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. Bu Ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi.

Əlili Cəbrayıl