“ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə səfərinin Ankaradan başlaması Türkiyənin regiondakı ağırlığının və rolunun göstəricisidir. Türkiyə həm Yaxın Şərqdə, həm Cənubi Qafqazda baş verən hadisələrin ən vacib aktorlarındandır. Eləcə də Qara Dəniz sahillərində, xüsusilə Rusiyanın Ukrayna ilə apardığı müharibə fonunda da Türkiyə çox fəaldır və rəsmi Ankaranın bu fəallığı hadisələrin gedişatına ciddi təsir edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin İsmayılov deyib.
Onun sözlərinə görə, Türkiyənin HƏMAS-İsrail müharibəsinə də təsir imkanları ciddidir:
” Münaqişələr fonunda hər iki tərəflərlə davamlı əlaqələr saxlayır. Habelə regionun aparıcı ölkələri ilə ciddi iqtisadi münasibətləri var. Bu baxımdan ABŞ dövlət katibinin Türkiyəyə səfəri vacibdir. Hesab edirəm ki, bu səfər çərçivəsində dövlət katibi Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb bir çox məsələlərdə rəsmi Ankaranın mövqeyini öyrənib. Eləcə də Türkiyə ilə ABŞ arasında müzakirə edilən məsələlərə, xüsusilə F-16-nın verilməsi məsələsinə tərəflər arasında münasibət bildirilib. Türkiyə həm regionda, həm Cənubi Qafqaz, həm də Orta Şərq ölkələri ilə ciddi iqtisadi əlaqələrə malikdir. Bunlar da ABŞ-ı maraqlandıran məsələlərdir. Belə ki, dövlət katibi ilə Ankara rəsmiləri arasında müzakirə edilən məsələlərdən biri də bu olub. Türkiyənin həm də NATO üzvü olması, regionda Qərbin təmsilçisi olduğunu nəzərə alsaq ABŞ-ın Ankara ilə bir çox istiqamətdə fikir mübadiləsi aparması labüddur”.
//Gülnarə Abasova, Editor.az

