“Mövqe qərəzlidir. Burada Fransa və Almaniya Azərbaycana qarşı şər-böhtan, yalan təbliğ edən ölkələrdir. Belə olan halda Azərbaycan niyə bu görüşdə iştirak etməlidir?”
Bunu Editor.az-a politoloq Əhəd Məmmədli Ermənistan parlamentinin deputatı Artur Xaçatryanın açıqlamasında “Qranadadakı görüşdə iştirakdan son anda imtina edən Azərbaycan prezidenti İlham Əliyevin demarşı bir şeyi ifadə edir – Bakı özünü Qarabağla məhdudlaşdırmaq niyyətində deyil”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən Türkiyə görüşdə iştirak etməliydi: “Bu normal bir tələb idi. Bunu qəbul etmirlərsə, ölkə başçısı İlham Əliyevin də bu görüşdən imtina etmək, dəvəti rədd etmək hüququ var idi. Rəsmi Bakı da həmin siyasi hüququndan istifadə etdi”.
Politoloqun fikrincə, ermənilərin Azərbaycana qarşı növbəti böhran xarakterli iddialarının əsası yoxdur:
“Azərbaycanın 30 il ərzində əraziləri işğal altında qalanda, suverenliyi kobud şəkildə pozulanda onda niyə İran başda olmaqla, digər ölkələr bu haqda heçnə danışmırdı? Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya, demarkasiya olunmayıb. Ona görə də hansısa konkret iddia irəli sürmək düzgün deyil. Azərbaycanın məsələdə öz baxış bucağı var. Bu da tarixi əsaslara söykənən mövqedir. Rəsmi Bakının bu mövqeni həyata keçirtmək niyyətində olması Ermənistan və havadarlarını çox narahat edir”.
//Safura Bənnayeva, Editor.az

