“Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında nümayiş etdirdiyi aqressiv mövqe onun prosesdə iştirak etmək niyyətini iflasa uğratdı”.
Bunu Editor.az-a Milli Məclisib deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Parisin niyyəti iki dövlət arasında münasibətlərin sülhlə nəticələnməsinə mane olmaq, Ermənistanı silahlandıraraq Azərbaycan üzərində hegemoniya qurmaqdan ibarətdir:
“Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli, müstəqil, suveren mövqe ilkin mərhələdə Fransanın prosesdən uzaqlaşdırılmasına gətirib çıxartdı. Hazırda regiona siyasi, diplomatik müdaxilə imkanları məhdudlaşan Fransa birtərəfli qaydada rəsmi İrəvanı silahlandırmağa çalışır və bunu açıq şəkildə bəyan edir”.
Deputatın fikrincə, Fransa XİN rəhbərinin Ermənistana səfəri, səfər çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi haqqında fikirlərin səsləndirilməsi nəticə etibarilə Azərbaycanın Qranada görüşündən imtinasına səbəb oldu:
“Bu prosesdə Avropa İttifaqı Şurasının oynadığı mümkün rolu da Fransa Şarl Mişelə təzyiq etməklə kölgə altına salmağa çalışdı. Azərbaycan prezidenti bir daha qeyd etdi ki, Fransanın mövqeyi Cənubi Qafqazda sülhün bərpa olunmasına deyil, yeni müharibənin alovlanmasına xidmət edir. Bu, həm də Avropa İttifaqı Şurasına verilən mesaj idi ki, əgər Aİ beynəlxalq hüquqa uyğun olmayan mövqe tutarsa, onun da prosesdə mümkün iştirakı arzuolunmaz hala gələ bilər. Ona görə də bütün bunlara cavab olaraq Azərbaycan prezidenti İlham Əliyev Tbilisiyə səfəri zamanı bəyan etdi ki, Ermənistanla sülhün baş tutması üçün ən yaxşı platforma Cənubi Qafqaz platformasıdır. İkitərəfli görüşün Gürcüstanda baş tutması da istisna deyil. Bu sülhü yaxınlaşdıracaq ən səmərəli platforma ola bilər”.
H.Babaoğlu düşünür ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə, Gürcüstan platformasında da bu mümkündür: “Əks təqdirdə Ermənistanın havadarlarının onu hər hansı münaqişəyə təşviq etməsi Azərbaycan tərəfindən çox sərt cavab alacaq”.
//Safura Bənnayeva, Editor.az

