“Avropa İttifaqı (Aİ) Şurası prezidentinin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşmalar Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə Şarl Mişel arasında baş tutan çoxsaylı görüş və telefon danışıqlarının doğurduğu nəticədir. Ötən ilin iyul ayında geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən Avropa İttifaqı Prezidenti ilə regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdən biridir. Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimadlı münasibətlərin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin prinsipial şəkildə ifadə və müdafiə olunması, eləcə də davamlı məsləhətləşmələr ötən ilin dekabr ayında Brüsseldə keçirilən ilk üçtərəfli görüşün regiondakı mövcud reallıqların qəbul olunduğunu ifadə edən sonluqla nəticələnməsinə zəmin yaratdı və bu amil özünü aprelin 6-da keçirilən üçtərəfli görüşlə bağlı Aİ Şurası prezidentinin bəyanatında da nümayiş etdirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Siyasi analitik bildirib ki, aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların ən önəmli tərəfi, şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı müvafiq təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının heç bir halda müzakirə predmeti olmayacağının, rəsmi Bakının 5 baza prinsipindən ibarət şərtlərinin qəbul edildiyinin göstəricisidir:
“Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk Qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial və imperative şəkildə ifadə olunan mövqeyinin istisnasız olaraq qəbul edilməsidir. Sülh danışıqları ilə bağlı Azərbaycanın və Ermənistanın xarici işlər nazirliklərinə təlimat verilməsi isə prosesin sözdən əmələ keçdiyini nümayiş etdirir. Avropa İttifaqı Şurası prezidentinin yekun bəyanatında iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə komissiyanın yaradılması və delimitasiya prosesinə ilk növbədə başlanılması barədə razılığın əldə olduğunun vurğulanması, sərhəd bölgəsində gərginliyin aradan qaldırılması, sülh prosesinə süni əngəllər yarada biləcək təxribatların qarşısının alınması, prosesin intensivləşməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul olunduğunu nümayiş etdirən məqamlardan biri də kommunikasiyaların açılması, dəmir və avtomobil yollarının çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı razılaşmada da özünü büruzə verir. Burada da digər istiqamətlərdəki razılaşmalarda olduğu kimi ən önəmli məqam ikitərəfli təmasların intensivləşməsinə, həmçinin qarşılıqlı münasibətlərin formalaşmasına, prosesin sürətlənməsinə imkan verən birgə məşvərət-əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Avropa İttifaqının dəstəyi ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılması, prosesə kənar qüvvələrin, o cümlədən uğursuz “Minsk Qrupu” vasitəçilik institutunun cəlb edilməsi ilə bağlı cəhd və manipulyasiyaların da üzərindən xətt çəkilməsi anlamına gəlir”.
E. Mirzəbəylinin sözlərinə görə, Avropa İttifaqının işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, itkin düşən şəxslərin tapılması, eləcə də quruculuq və bərpa işlərində Azərbaycana öz dəstəyini ifadə etməsi bir çox aspektlərdən mühüm əhəmiyyətə malikdir:
“Bu yanaşma, eyni zamanda Avropa İttifaqının beynəlxalq ictimaiyyətə “Azərbaycan öz torpaqlarını işğaldan azad edib” və “işğalçı ölkə Azərbaycan ərazilərinin dağıntılara məruz qoyub” mesajı kimi də qəbul oluna bilər. Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar öz praktikliyi və realist mahiyyəti baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə, əldə olunan razılaşmaların sürətlə həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər yaradır”.
//Gülnarə Abasova, Editor.az

