“Rusiya Ermənistan və Azərbaycan arasında normallaşma prosesini pozmaq və prosesi uzatmaq siyasəti həyata keçirir. Kreml rəhbərliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını Qarabağda sülhməramlı fəaliyyətinə, həmçinin Ermənistanda mövqeyinə mənfi təsir etdiyini hesab edir. Ona görə də Kreml N. Paşinyana ciddi təzyiqlər edəcək”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiya Ermənistan daxilində siyasi müxalifəti səfərbərliyə cəlb edəcək:
“N.Paşinyan Moskvaya çağırıla və aparılacaq danışıqlarda bir müddət prosesin ləngiməsi üçün təlimatlar verilə bilər. Ermənistan Baş naziri artıq regionda formalaşan geosiyasi nizamı pozmayacaq. Kremlin təklif və təzyiqlərindən yayınması istisna deyil. Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla sülhə maraqlıdır. Rusiya 200 ildir ermənilərdən istifadəsinə Paşinyanın son qoymasını ona bağışlamayacaq”.
Siyasi analitik vurğulayıb ki, geopolitik proses Moskvanın əleyhinə işləyir və N. Paşinyan bundan istifadə edəcək. Onun parlamentdə çıxışı isə buna hesablanmışdı.
//Gülnarə Abasova, Editor.az

