“Rəsmi İrəvanın nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə müsbət yanaşmamasının səbəbi budur”-ŞƏRHbackend

“Rəsmi İrəvanın nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə müsbət yanaşmamasının səbəbi budur”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münxen Təhlükəsizlik Konfransından sonra dövlət başçısının qeyd etdiyi dəhlizlər üzərində nəzarətin həyata keçirilməsi üçün nəzarət-buraxılış məntəqələrinin qurulması yeni təklifdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın bu təklifi qəbul edib-etməyəcəyi o qədər də əhəmiyyət kəsb etmir:

“Biz birtərəfli qaydada Laçın-Gorus yolunun Ermənistanla şərti sərhəddə kəsişən yerində nəzarət- buraxılış məntəqəmizi təmin edəcəyik. Bu gün aksiyaların keçirildiyi ərazidə bunu həyata keçirə bilərik. Nəzarət-buraxılışın mövcudluğu dövlət sərhədinin atributudur. Rəsmi İrəvan nə Zəngəzur dəhlizinin açılması üzərində müsbət mesajlar verir, nə də kommunikasiyaların və nəzarət-buraxılış məntəqəsinin açılmasına razılıq verir. Yəni, Ermənistanın bu yanaşmasının məntiqi cəhəti yoxdur. Əgər bu fikir təsdiqini tapmırsa, hansısa variant təklif edilməlidir. Rəsmi İrəvan bilir ki, əgər biz birtərəfli qaydada sərhəddə nəzarət- buraxılış məntəqəsini müəyyən etsək, Laçın yolundan keçid pasport üzərindən həyata keçirilməlidir. Ermənistan da yaxşı başa düşür  ki, bu hal baş verərsə, orada çox sayda cinayətkarlar aşkar edilib cinayət məsuliyyətinə cəlb olunacaqlar. Rəsmi İrəvanın bu təklifə müsbət yanaşmamasının səbəbi budur”.

Hərbi ekspert onu da bildirir ki, Ermənistan kommunikasiyaların açılması öhdəliyindən də boyun qaçırır:

“Rəsmi İrəvan indiki mərhələdə sülh sazişinin dalana dirənməsində maraqlıdır.  Avropa İttifaqının missiyası İrəvana yerləşdirilib. Onlar geosiyasi vəziyyətin dəyişəcəyini düşünür. Xüsusilə də Ukrayna müharibəsi fonunda Rusiyanın Ermənistan ərazisindən çıxarılması ehtimal olunur. Bu isə beynəlxalq güclərin Azərbaycanla bağlı Ermənistanın istəkləri üzərindən hansısa nəticəyə gəlməsinə səbəb ola bilər. Bunlar boş xülyadır. Ermənistan nə qədər hiyləgər siyasət yeritsə də artıq Azərbaycan bu coğrafiyada gündəmi, siyasəti müəyyən edir”.

Elxan Şıxəliyev onu da qeyd edir ki, Prezident İlham Əliyev mümkün olmayan heç bir fikri əvvəlcədən səsləndirmir:

“Münxen görüşündə nəzarət+ buraxılış məntəqəsinin yaradılması haqqında fikir səsləndirilibsə, deməli Azərbaycan bunu reallaşdıracaq. Suveren ərazilərimizdə hansı tədbirlərin görüləcəyini rəsmi İrəvandan soruşmayacağıq. 2025-ci ildən sonra bu məsələlər avtomatik olaraq öz həllini tapacaq. O vaxta qədər isə proses rus sülhməramlıları ilə paralel şəkildə reallaşa bilər. Bir sözlə, Azərbaycanın istəyi üzərinə proses davam edir”.

//Safura Bənnayeva, Editor.az