Rəsmi Moskva ikili siyasət aparır: “Həm Cənubi Qafqaz, həm də Ukrayna…”-ŞƏRHbackend

Rəsmi Moskva ikili siyasət aparır: “Həm Cənubi Qafqaz, həm də Ukrayna…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Azərbaycan-Ermənistan münasibətləri, eyni zamanda Qarabağ məsələsində uzun müddətdir ki, həlledici faktor olmaqdan çıxıb. Belə ki, rəsmi Moskvanın başı Ukraynadakı müharibəyə ciddi qarışıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, Rusiya proseslərdə vaxt qazanmağa çalışır:

“Bu da Azərbaycanı qane edən məsələ deyildi. Eyni zamanda, Ermənistanın iddia etdiyi kimi Rusiyanın və KTMT-nin proseslərə əhəmiyyətli təsiri yox idi. Buna görə də rəsmi İrəvan da artıq Moskvanın orbitindən ayrılmağa və digər təhlükəsizlik sistemlərində yer axtarmağa başladı.  Həm Azərbaycan-Ermənistan münasibətləri, sülh müqaviləsi, həm də Qarabağ məsələsində boşluq yaranan kimi dərhal Qərb hərəkətə keçdi. Bu gün Ukraynadakı Qərb-Rusiya qarşıdurması Cənubi Qafqaza transformasiya olundu. Hansı ölkədə Rusiyanın təsir imkanları mövcuddursa, tədricən regionlardan sıxışdırılıb çıxarılmağa başlayıb”.

Politoloq qeyd edir ki, bu gün Vaşinqton və Brüssel görüşlərində tərəflər arasında əldə edilən müəyyən uğurları Rusiya oğurlamaq istəyir:

“Rəsmi Moskva bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu deyirsə, Qarabağ məsələsində problemin həllini sonraya saxlamağı iddia edir. Bu da ölkə üçün keçərli variant deyil. Çünki Azərbaycan-Ermənistan münasibətləri ciddi mənada Qarabağ probleminin həllindən asılıdır. Tərəflər arasında münasibətlərin korlanması, münaqişənin başlanmasının əsas səbəbi Ermənistanın Qarabağa ərazi iddiasıdır. Səbəb aradan qaldırılmadan nəticə əldə etmək mümkün deyil. Əsas əngəlləyici amil isə Rusiyadır. Rəsmi Moskvanın bu cür yanaşması həm Azərbaycan, həm də Ermənistan üçün məqsədə uyğun deyil. Çünki rəsmi İrəvan Rusiyanın orbitində özünü təhlükəsiz hiss etmir. Bunu isə açıq şəkildə bəyan edir “.

Natiq Miri vurğulayır ki, tərəflər üçün ən uyğun variant Qərbin irəli sürdüyü platformalardır: ” Lakin Rusiya həmin platformalarda sülhün əldə olunmaması üçün əngəlləyici rolunu oynamaqda davam edəcək. Eyni zamanda, ölkəmizə qarşı hərbi təxribatların törədilməsində İran da rəsmi Moskva ilə ortaq mövqedən çıxış edir “.

//Safura Bənnayeva, Editor.az