Restoranlardan yayılan görüntülər etiraz doğurdu – Ekspertdən XƏBƏRDARLIQbackend

Restoranlardan yayılan görüntülər etiraz doğurdu – Ekspertdən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar sosial şəbəkələrdə kafe və restoranlardan yayılan görüntülər birmənalı qarşılanmır. Belə ki, bir çox restoranlarda ocaqda bişirilən yeməyin qapağı açıq təqdim edilməsi istehlakçıların narazılığına səbəb olur. Onlar əksər kafe və restoranlarda gigiyena qaydalarına əməl edilmədiyini bildirirlər.

Bu kimi hallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət necə həyata keçirilir və gigiyena qaydalarını pozan obyektlərə qarşı hansı tədbirlər görülür?

Globalinfo.az-a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, Azərbaycanda qida sahəsində ən böyük problem bəzi işçilərin antisanitar və gigiyena qaydalarını pozaraq bunu ictimai şəkildə nümayiş etdirməsidir:

“Problem ondadır ki, insanlar vəziyyəti göstərməklə həm də o vəziyyətdə işləyirlər. Qidanın çirklənməsi əsasən üç yolla baş verir: kimyəvi, bioloji və fiziki. Lakin çox vaxt şeflər işçilərinə deyirlər ki, başı açıq və ya uniformasız işləyə bilərsiniz. Belə yanaşma düzgün deyil. İşçinin saçında və əllərində stafilokok bakteriyası ola bilər, bu da qida məhsullarına keçə bilər. İsti bölmələrdə əlcək geyilməməsi yanıq riskinə görə başa düşülə bilər, amma başın açıq qalması qida təhlükəsizliyi baxımından ciddi risk yaradır. Eyni zamanda, vahid uniforma olmaması, çirkli paltarlar bakteriyaların yeməyə keçməsinə səbəb olur. Bu cür mətbəxləri videoya çəkib sosial şəbəkələrdə paylaşmaq təhlükəlidir və ciddi tədbirlər tələb edir”.

A.Salamov əlavə edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu tip mətbəxləri aşkar edib reydlər keçirməlidir:

“Çünki bu insanlar qida təhlükəsizliyi biliklərinə malik deyillər. Bir çoxunun aşpazlıq bilikləri, avadanlıqdan istifadə, qida texnologiyası və əməyin mühafizəsi barədə məlumatı yoxdur. Buna baxmayaraq, özlərini qəhrəman kimi göstərərək, antisanitar vəziyyətdə işlədiklərini sosial şəbəkələrdə nümayiş etdirirlər. Əgər cərimələr və nəzarət gücləndirilməsə, bu hallar artacaq və gənclər üçün yanlış nümunə olacaq”.

Aga Salamov

Ağa Salamov

Qida mütəxəssisinin fikrincə, həmçinin, aşpazların ixtisasları yoxlanmalı, onların peşə təhsili olub-olmaması müəyyən edilməlidir:

“Təxminən 90 faizinin peşə təhsili yoxdur. Peşə təhsili olmayan işçilər isə risk qrupuna daxil olan insanlara – hamilə qadınlar, uşaqlar, yaşlılar və immuniteti zəif şəxslərə birbaşa xidmət göstərir. Onların uniforma, başlıq və əlcək geyinməməsi, antisanitar mühitdə işləməsi qida məhsullarının çirklənməsinə səbəb olur. İşçilər altı ayda bir tibbi müayinədən keçməli, vahid uniforma və başlıq geyinməli, avadanlıqlardan düzgün istifadə etməlidirlər. Qida texnologiyası və gigiyena biliklərinə malik olmayanlar mətbəxdən uzaqlaşdırılmalı, yalnız səriştəli və təcrübəli aşpazlar işləməlidir. Bu, həm sahibkarların işini asanlaşdırar, həm də zəhərlənmələrin və qida təhlükəsizliyi problemlərinin qarşısını alar”.

A.Salamov vurğulayıb ki, bütün aşpazların sertifikatlaşdırılması, peşə biliklərinin yoxlanması və qida təhlükəsizliyi standartlarına riayət etmələri mütləqdir:

“Əgər işçilər bu biliklərə malik deyilsə, onları mətbəxdən uzaqlaşdırmaq lazımdır. Yalnız təcrübəli və peşəkar aşpazlar işləməlidir ki, həm itkilər azalsın, həm zəhərlənmələr önlənilsin, həm də mətbəxlərin işləmə keyfiyyəti yüksəlsin. Bugünkü vəziyyət göstərir ki, sözügedən məsələlərə ciddi nəzarət edilməlidir və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən reydlər gücləndirilməlidir. Bu yolla həm mətbəxlərin sanitariya vəziyyəti yaxşılaşar, həm də ictimaiyyət üçün təhlükəsizlik təmin edilər”.