Rəsul Quliyev Putinin bəyanatını şərh etdi: “Utanmadan yalan danışır“backend

Rəsul Quliyev Putinin bəyanatını şərh etdi: “Utanmadan yalan danışır“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin bütün dünyaya və öz vətəndaşlarına növbəti 17-ci müraciətini edib. Bu müraciət əvvəl edilmiş müraciətlərdən fərqlənmədi. Heç fərqli olacağını da nə daxildə, nə də xaricdə gözləmirdilər. Həmişə olduğu kimi Rusiyanın fövqəladə ölkə, rusların fövqaladə xalq olduğunu vurğulayan Putinin yalan danışmaqdan heç vaxt utanmadığını, əksinə, “Nə qədər ağ yalan danışsan, xalq bir o qədər çox inanacaqdır”,-nasist propaqandasının rəhbəri Hebbelsin teoriyasını çoxdan qəbul etmiş olduğunu bu gün bir daha ortaya qoydu”.

Editor.az xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq sədri Rəsul Quliyev deyib. Siyasətçi vurğulayıb ki, 145 milyonluq əhalisi olan və planetin 20 faiz ərazisinin sahibi bir ölkə istehsal gücünə görə 60 milyonluq kiçik bur İtaliyanın səviyyəsinə (neft və qazın hesabına) çata bilib:

“Adambaşına 0.11 kvadrat kilometr torpaq düşən Rusiya vətəndaşlarının həyat səviyyəsi dünya üzrə 50-ci yerdədir. Müqayisə üçün Almaniyada hər vətəndaşa 0.003 kvadrat kilometr torpaq düşür.

Bu il sadaladığı hərbi arsenalların içərisində onun üzünü qara etmiş İsgəndər yoxdur. Əvəzində dünyada analoqu olmayan Kinjal, Kalibr, Sirkon, Avanqard, Peresvet, Poseydon və Sarmat var”.

Rəsul Quliyev diqqətə çatdırıb ki, rus silahlarının səviyyəsi dünyada maksimum 15-ci yerdədir:

“Bu anonsdan sonra Putin dünyanı hədələməyə başlayır: “Heç kim qırmızı xətti keçə bilməz. Biz özümüz qırmızı xəttin haradan keçdiyini müəyyənləşdiririk və cavabımız çox ağır olacaq”. Ardınca “Heç bir ölkə bizim maraqlarımıza toxuna bilməz” kimi özündən razı bəyanatı ilə Putinin dəfələrlə keçmiş sovetlər birliyindən çıxmış respublikaların onun maraq dairəsində olduğunu elan etməsi bu tezisə aydınlıq gətirir.

Bütün çıxışı ərzində, “Rusiya beynəlxalq normalara əməl edəcək, ölkələrlə sivil münasibətlər yaradacaq”,- fikirlərinə rast gəlmək mümkün deyil. Hesab edirəm ki, Azərbaycan və başqa müstəqil dövlətlər Putinin çıxışından nəticələr çıxarmalı və zaman itirmədən tədbirlər görməlidir”.