Revanşistlərin çevriliş planı məlum oldu: “Rus NATO-su” Paşinyanı xilas edəcəkmi…backend

Revanşistlərin çevriliş planı məlum oldu: “Rus NATO-su” Paşinyanı xilas edəcəkmi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanı indi Ermənistanda yaranmış vəziyyəti hakimiyyəti ələ keçirtmək üçün son şans olaraq, dəyərləndirir; Erməni revanşistlərin çevriliş planına Rusiyanın reaksiyası, hazırda Ermənistanda baş verənlərlə Kremlin birbaşa əlaqəsinin olub-olmadığına da aydınlıq gətirə bilər…

Ermənistanda ictimai-siyasi vəziyyət artıq təhlükəli həddə qədər gərginləşib. Hətta son günlər Paşinyan hakimiyyətinin ölkədaxili situasiyaya nəzarəti itirə biləcəyi də qətiyyən istisna deyil. Və bu, Ermənistanda kütləvi iştişaşların baş vermə ehtimalına tamamilə inandırıcı görüntülər verməyə başlayıb.

Təbii ki, bütün bunlar Ermənistanda hakimiyyət uğrunda həlledici savaşın başlanmasından xəbər verir. Halbuki, Paşinyan hakimiyyətində yaxın siyasətçilər və ekspertlər hazırda Ermənistanda baş verənlərin yalnız iqtidar uğrunda savaş kimi şərh edilməsini də doğru hesab etmirlər. Və Ermənistanın qarışdırılmasına yönəlik cəhdlərin arxasında bir çox faktorların, maraqların, səbəblərin gizləndiyini vurğulayırlar.

Onların fikrincə, revanşist erməni müxalifətinin əsas hədəfi yalnız hakimiyyətin ələ keçirilməsi ilə məhdudlaşmır. Ermənistanda əhalini Paşinyan hakimiyyətinə qarşı ayağa qaldırmağa çalışanların şəxsi maraqları da burada xüsusi rol oynayır. Çünki, uzun illər Ermənistanı idarə etmiş Qarabağ klanının təmsilçiləri yaxın gələcəkdə öz sərvətlərini, hətta şəxsi azadlıqlarını belə, itirə biləcəklərini artıq birmənalı şəkildə anlamağa başlayıblar.

1403967.jpg (17 KB)

Məsələ ondadır ki, Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanı illərlə Ermənistan əhalisini aldadaraq, ölkəni sərvətini mənimsəyiblər. İndi Paşinyan hakimiyyəti onların cinayətlərinin açılması prosesini intensivləşdirib. Hakim partiyanın təmsilçiləri açıq şəkildə vurğulayırlar ki, kütləvi etiraz dalğasınının arxasında dayananları Ermənistanın və “artsax”ın gələcək taleyi qətiyyən düşündürmür. Onların əsas məqsədi Paşinyan hakimiyyətini devirməklə, dövlətdən oğurladıqları sərvətlərini və şəxsi azadlıqlarını qorumaqdan ibarətdir.

Onu da qeyd edək ki, Qarabağ klanı hazırda Kremlin Azərbaycan-Ermənistan sülh danışıqları prosesini pozmaqda maraqlı olmasını bir fürsət olaraq, dəyərləndirir. Kremldən aldıqları təlimatlara uyğun olaraq, Rusiyanın Ermənistandakı “beşinci kalonu” rolunu oynayaraq, Paşinyan hakimiyyətinin devrilməsinə can atır. Və bu, yaxın vaxtlarda Ermənistanda vətəndaş toqquşmalarına da yol aça bilər.

Maraqlıdır ki, kütləvi etiraz aksiyalarına rəhbərlik edən bəzi revanşist siyasətçilər hazırda baş verənlərin Paşinyan hakimiyyətini devirmək üçün son şans ola biləcəyini düşündüklərini də qətiyyən gizlətmirlər. Əhalini kütləvi itaətsizliyə çağıran revanşistlər hesab edirlər ki, əgər, bu hərəkat uğursuz olarsa, onda, Paşinyan hakimiyyəti kütləvi repressiyalara başlayacaq və öz siyasi rəqiblərini birdəfəlik sıradan çıxaracaq. Və bu baxımdan, hər iki tərəf üçün həlledici mərhələnin artıq başlandığı qətiyyən şübhə doğurmur.

Son məlumatlara görə, revanşist Qarabağ klanı yaxın günlərdə Ermənistan dövlət orqanlarının inzibati binalarını ələ keçirtməyi planlaşdırır. Ermənistan Milli Təhlükəsizlik Xidməti hesab edir ki, parlamentin binası əsas hədəflərdən biridir. Və plana görə, kütləvi etiraz aksiyalarının təşkilatçıları baş nazir Nikol Paşinyanın parlamentdə olduğu zaman binanı ələ keçirmək niyyətindədirlər. Yəni, belə anlaşılır ki, revanşistlərin çevriliş planı artıq hazırdır.

Belə ki, revanşistlər baş nazir N.Paşinyanı məhz elə parlament binasında devirib, həbs etməyə üstünlük verirlər. Yalnız bundan sonra müvəqqəti etimad hökumətinin formalaşdırılacağı ehtimal olunur. Halbuki onun tərkibində təmsil olunacaq revanşistlərin kimliyi barədə məlumat verməyə hələlik ehtiyac duyulmur.

ktmt-kkk.jpeg (122 KB)

Təbii ki, belə vəziyyət baş nazir N.Paşinyanın həm özü, həm də hakimiyyəti üçün real təhlükə vəd edir. Bu baxımdan, erməni baş nazirin xarici dəstəyə ümid bəsləyə biləcəyi də qətiyyən istisna deyil, Düzdür, Ağ Ev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı ABŞ-a çağırmaqla, Paşinyan hakimiyyətinə siyasi dəstəyini ifadə edib. Ancaq erməni revanşistlərin arxasında Rusiyanın dayandığı barədə məlumatlar yayıldığından, bu, doğru olarsa, ABŞ-ın siyasi dəstəyinin Paşinyan hakimiyyətini xilas etmək baxımından, yetərli olmaya da bilər.

Maraqlıdır ki, baş nazir N.Paşinyan yaxın günlərdə növbəti dəfə hiyləgər addım ata biləcəyi də ehtimal olunur. Belə ki, rəsmi İrəvanın Ermənistanda kütləvi etiraz dalğasını yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edə biləcəyi istisna deyil. Hesab olunur ki, erməni baş nazir bununla Kremli çətin vəziyyətə salmaq niyyətindədir.

Məsələ ondadır ki, 2022-ci il məhz Qazaxıstan böhranı ilə başlanmışdı. Məhz Qazaxıstanda Tokayev hakimiyyətinə qarşı kütləvi etiraz dalğası baş qaldırdığında Ermənistanın da üzv olduğu KTMT bu Türk dövlətinə hərbi müdaxilə etmişdi. Yəni, Qazaxıstanda guya Tokayev hakimiyyətinin qorunması məqsədilə hərəkətə keçmişdi.

Üstəlik, KTMT-nın Qazaxıstana qoşun yeritməsində Ermənistan baş naziri Nikol Paşinyan əsas təşəbbüskar rolunda çıxış etmişdi. Qazaxıstanda kütləvi etiraz dalğası yatırıldlqdan sonra N.Paşinyan hətta KTMT-nın Ermənistana münasibətdə eyni həssaslığı və çevikliyi göstərməməsindən də şikayətlənmişdi. Və nə qədər qəribə də olsa, indi Ermənistan da təxminən Qazaxıstanda baş vermiş hadisələrlə eyni prosesə məruz qoyulmaqdadır.

Vaxtilə Qazaxıstanda aranı qatan kənar güclər indi də Ermənistanı qarışdırmağa çalışırlar. Paşinyan hakimiyyətinə Azərbaycan ilə sülh sazişi imzalamaq imkanı tanımaq istəmirlər. Və nəticədə Rusiyanın himayəsi altında olan revanşist erməni müxalifəti, cinayətkar Köçəryan-Sarkisyan cütlüyünün rəhbərliyi ilə Paşinyan hakimiyyətini devirməyə cəhd göstərir.

07e86a96ac7902cbaeb884a3daae4da5.jpg (57 KB)

Ona görə də, KTMT-nın Qazaxıstana hərbi müdaxiləsində əsas təşəbbüskar kimi təqdim olunan baş nazir N.Paşinyanın eyni məzmunlu müraciətlə “Rus NATO-su”ndan yardım istəyib-istəməyəcəyi böyük maraq doğurur. Halbuki hətta müraciət edəcəyi təqdirdə belə, Rusiyanın patronajlığı altında olan Rusiyanın hansı reaksiyanı verəcəyi müəyyən suallara yol açır. Və bu suallara yalnız Kremldəkilər doğru-düzgün cavablar verə bilərlər.

İndi hər kəsi maraqlandıran odur ki, KTMT, bu hərbi-siyasi blokun üzvü olan Ermənistanda Paşinyan hakimiyyətini müdafiə edəcəkmi? KTMT Paşinyan hakimiyyətini müdafiə etmək üçün Ermənistana qoşun yeridəcəkmi?

KTMT, Rusiyanın himayəsi altında olan Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi revanşist erməni müxalifətinə güc tətbiq edib, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz dalğasnı yatıracaqmı? KTMT-ya patronajlıq edən Rusiyanın Paşinyan hakimiyyətini revanşistlərdən müdafiə etmək marağı varmı?

Təbii ki, bu suallara cavabların tapılması Kremlin Ermənistanda baş verənlərlə birbaşa əlaqəsinin olub-olmadığına da aydınlıq gətirə bilər. Ona görə də, revanşistlərin artıq hazır olan çevriliş planına Rusiyanın reaksiyası indi Paşinyan hakimiyyəti üçün həlledici faktor rolunu oynayır. Halbuki belə bir reaksiyanın ümumiyyətlə, olacağı da kifayət qədər ciddi şübhələr doğurur.


“Yeni Müsavat”