Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, indiyə qədər 6489 Ukrayna əsgəri təslim olub.
Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. Bundan əvvəl “DXR” Xalq Şurasının Cinayət və İnzibati Qanunvericilik Komitəsinin sədri Yelena Şişkina bildirmişdi ki, əsir götürülmüş 8 minə yaxın ukraynalı əsgər Donetsk və Luqansk Xalq Respublikaları ərazisindədir. “Beş gün ərzində Ukrayna silahlı qüvvələrinin 126 hərbi qulluqçusu təslim olub, onların ümumi sayı 6489 nəfərdir”, – deyə Şoyqu mətbuat konfransı zamanı bildirib. İyunun 6-da Ukrayna prezidenti Vladimir Zelenski bildirmişdi ki, təkcə Mariupol Azovstal zavodundan 2500-ə yaxın ukraynalı əsgər əsirlikdədir. Mayın 27-də “DXR” rəhbəri Denis Puşilin respublika ərazisində 5 minə yaxın ukraynalı hərbi əsirin (o cümlədən 2400-ü Azovstal) saxladığını bildirib.
DXR beynəlxalq tribunal keçirməyi və hərbi cinayətlərə görə bəzi hərbi əsirləri mühakimə etməyi planlaşdırır. Ukrayna tərəfi uzun müddətdir ki, rus hərbi əsirlərinin sayı barədə məlumat vermir. Dünən, iyunun 6-da Ukraynanın ədliyyə naziri Denis Malyuska Ukraynanın qərbində mübadiləsi çətin hesab olunan hərbi əsirlər üçün xüsusi düşərgənin yaradılmasından danışıb. Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, rəsmi Kiyev hərbi əməliyyatlar başa çatdıqdan sonra rusları azad etməyə hazırdır. Lakin eyni zamanda, cinayətdə təqsirli hesab etdiyi şəxsləri mühakimə etmək hüququnu özündə saxlayır. Qeyd edək ki, indiyə qədər Ukraynada hələlik üç rus əsgəri məhkum edilib.
Editor.az

