Baş nazir Ulf Kristersson, Örebrodakı Risbergska təhsil mərkəzində atışmanın İsveç tarixindəki ən pis və ən şiddətli hadisə olduğunu söyləyib.
O, həmçinin istintaq tamamlanana qədər atəş açan şəxsin motivləri barədə spekulyasiyalardan çəkinməyə çağırıb. “Bu, İsveç tarixindəki ən kütləvi atışmadır” – Kristersson deyib.
Xatırladaq ki, Örebroda məktəbdə atışma bir gün əvvəl, fevralın 4-də baş verib. Hadisə nəticəsində azı on nəfər həlak olub. Həlak olanların və yaralananların sayı dəqiqləşdirilir. Son məlumata görə, altı nəfərdən çox adam yaralanıb. “Expressen” xəbər verir ki, ilkin məlumata görə, 35 yaşlı atıcı intihar edib. Onun motivləri məlum deyil. Polisin bildirdiyinə görə, onun heç bir dəstə ilə əlaqəsi və cinayət keçmişi yoxdur. Onun təkbaşına hərəkət etdiyi güman edilir. Polis atəş açan şəxsin evində axtarış aparıb və bina tamamilə mühasirəyə alınıb.
Örebro şəhəri Stokholmdan təxminən 200 km qərbdə yerləşir. DN-nin yazdığı kimi, məktəbdə 2 minə yaxın şagird təhsil alır. Atışmadan sonra məktəb binası boşaldılıb.
//Samir Qurbanov, Editor.az