İrəvan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levonu dörd polisi döymə faktı üzrə bir ay müddətinə həbs edib.
Editor.az xəbər verir ki, Köçəryan sentyabrın 22-də aksiya zamanı saxlanılıb. O, həbs zamanı kəllə-beyin travması alması səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Onun vəkili Aleksandr Koçubayevin Facebook-da yazdığı kimi, prokurorluq 2 ay müddətinə həbs qəti-imkan tədbiri istəyib. Müdafiə tərəfi hakim Masis Melokonyanın “tam olaraq siyasiləşdiyinə” görə, ittihamı rədd etməyi istəyib. Lakin məhkəmə vəsatəti rədd edib.
Vəkilin sözlərinə görə, həbsi zamanı Levon Köçəryan xüsusi polis qüvvələri tərəfindən “amansızcasına döyülüb”. “Sputnik Ermənistan” “Nairi” tibb mərkəzinə istinadən xəbər verir ki, o, həbs olunduqdan sonra orta ağır vəziyyətdə – kəllə-beyin travması və beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib.
//Samir Qurbanov, Editor.az