1 sentyabr tarixində keçiriləcək VII çağırış Milli Məclisə seçkilərin təbliğat-təşviqat mərhələsi davam edir. Seçkilərin təbliğat-təşviqat mərhələsi ölkə mediasının da xüsusi diqqətindədir. Müxtəlif KİV-lər, sosial media səhifələri ayrı-ayrı dairələr üzrə ictimai sorğular keçirərək, deputatlığa namizədin fəaliyyətinə seçicilərin münasibətini öyrənməyə çalışırlar.
18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsində keçirilən və sosial mediada yayılan ictimai sorğu zamanı seçicilərin həmin dairəni təmsil edən deputat Rasim Musabəyovun fəaliyyətindən kəskin narazılıq etdiyi, bir çoxunun isə namizədi ümumiyyətlə tanımadığı bəlli olub.
Editor.az məsələ ilə bağlı 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən Rasim Musabəyovun əsas rəqibi sayılan deputatlığa namizəd ictimai xadim, xeyriyyəçi iş adamı Rövşən Tağıyevin fikirlərini öyrənib.
Rövşən Tağıyev açıqlamasında bildirib ki, onlar da təbliğat-təşviqat mərhələsində yerlərdə seçicilərlə keçirilən görüşlər zamanı sakinlərin bölgəni uzun müddətdir təmsil edən deputatın fəaliyyətindən narazı olduğunu müşahidə ediblər. Deputatlığa namizəd vurğulayıb ki, qeyd olunan dairənin ərazisində həllini gözləyən ciddi problemlər mövcud olsa da, illərdir onların həlli üçün təsirli addımlar atılmayıb: “Seçicilər narazıdır. Onlar seçdikləri millət vəkilini yalnız seçkidən-seçkiyə deyil, xoş və kədərli günlərində yanlarında görmək istəyirlər. İnsanlar istəyir ki, millət vəkili onların dərdlərinə şərik olsun, problemlərinə formal yanaşmasın. Vətəndaşlar bizimlə söhbətlərində açıq-aydın deyirlər ki, ərazinin həllini gözləyən çoxlu problemləri var. Onlaar bildirirlər ki, dairəni təmsil edən deputat bu problemləri bir dəfə də olsun Milli Məclisin tribunasından dilə gətirməyib”.
Deputatlığa namizəd Rövşən Tağıyev bildirir ki, o sosial şəbəkələr və media üzərindən öz seçki platformasını geniş ictimaiyyətə təqdim edib: “Platformamızda vətəndaşların sosial problemləri də daxil olmaqla, təhsil, səhiyyə, mədəniyyət, gənclərlə bağlı planlarımız və təkliflərimiz var. Mən bütün fəaliyyətimiz boyu daima dövlətçilik maraqlarını ön planda tutmuşam, olduğum bütün sahələrdə dövlətə ləyaqətlə xidmət etməyə çalışmışam. Düşünürəm ki, deputat seçiləcəyim təqdirdə mənim parlament fəaliyyətim nəiniki ərazi üzrə seçicilərim üçün, eyni zamanda bir millət vəkili kimi hər bir Azərbaycan Respublikasının vətəndaşın üçün faydalı olacaq.
Hesab edirəm ki, Milli Məclisə gənc, çevik, yaradıcı və dövlət, xalq üçün real iş görmək istəyi olan şəxslər seçilməlidir. İnanıram ki, seçicilər səs verərkən bu prinsipləri əsas götürəcəklər”.
//Editor.az