“Kriminal oliqarx Ruben Vardanyan adlı şəxs Rusiya hakimiyyət dairələri tərəfindən sentyabr ayında Azərbaycan ərazilərinə ezam olunub. O, konkret tapşırıq əsasında Qarabağa yerləşdirilərək Azərbaycanla orada yaşayan ermənilər arasında münasibətlərin qorunması və reinteqrasiya prosesini əngəlləmək üçün əraziyə göndərilib”.
Bu fikirləri saytımıza açıqlamasında politoloq Oqtay Qasımov Ruben Vardanyanın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ ərazisi üzərində suverenliyinə qarşı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O, bildirib ki, Azərbaycanın israrlı tələb və təkidləri nəticəsində həmin şəxs bölgədə tutduğu “vəzifəsi”ndən kənarlaşdırıldı:
“Ancaq bu gün də o Qarabağ ərazisində qalmaqdadır və özünün deinstruktiv fəaliyyəti ilə gərginlik yaradır. Ruben Vardanyan Azərbaycan Respublikasının cinayət məcəlləsi ilə mühakimə olunmalıdır. Həm Azərbaycan ərazilərini qeyri-qanuni keçərək sərhədi pozub, həm də Azərbaycana qarşı hərbi cinayətlərlə bağlı çağırışlar edir. Azərbaycanın bir dövlət kimi suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətli çıxışları ilə məşhurdur. Hesab edirəm ki, Azərbaycan Baş Prokurorluğu bu cinayətkar haqqında artıq iş açmalıdır. Ruben Vardanyan müstəqil bir şəxs və xüsusi parlaq istedada malik siyasi fiqur olmadığından onun bu çıxışları müəyyən təlimatlarla həyata keçirilir. Ancaq onun bu çıxışını Rusiyanın Azərbaycana mesajı kimi dəyərləndirmək də doğru olmazdı. Hesab edirəm ki, bəzi hallarda Ruben Vardanyan isterik vəziyyətdə də müəyyən açıqlamalar verir və özünün reallaşdıra bilməyəcəyi çağırışlar edir”.
Politoloq onu da vurğulayıb ki, rəsmi Moskva Azərbaycanla Ermənistanın timsalında bölgədə sülhün bərqərar olmasında və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya prosesində maraqlı deyil:
“Çünki əks halda Rusiyanın artıq bölgədə fəaliyyətinə son qoyulacaq. O baxımdan Rusiyaya bölgədə onun işinə yarayacaq gərginliyin hökm sürməsi sərf edir. Baxmayaraq ki, Ruben Vardanyan Moskvadan təlimat alır, ancaq onun bütün çıxışlarını Rusiyanın ayağına yazmaq olmaz. Bu biraz da uğursuz siyasi fəaliyyətin nəticəsindən doğan isterik açıqlamalar kimi də qəbul oluna bilər”.
//Gülnarə Abasova, Editor.az

