Rubl və lirə kəskin dəyərsizləşir… – Manatı nə gözləyir?backend

Rubl və lirə kəskin dəyərsizləşir… Manatı nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşmaqdadır. ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil. Artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib.

 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vqar Bayramov qeyd edib.

“Türkiyədə lirə də yeni psixloji həddə yaxınlaşmaqdadır. Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi.

Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.

Sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, – deputat vurğulayıb.