“Rublun zəifləməsi Rusiya iqtisadiyyatına müsbət təsir göstərəcək, amma Azərbaycan…”-Ekspertdən AÇIQLAMAbackend

“Rublun zəifləməsi Rusiya iqtisadiyyatına müsbət təsir göstərəcək, amma Azərbaycan…”-Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Rusiya rublunun bir qədər zəifləməsi Rusiya iqtisadiyyatı üçün daha məqsədə uyğundur. Rusiya büdcə daxilolmalarının çox hissəsi məhz neft və qaz ixracatı ilə bağlıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, rublun zəifləməsi büdcə daxilolmalarının artımına şərait yaradır:

“Eyni zamanda, Rusiyanın həm xarici ticarətində, həm də cari əməliyyatlarında müsbət saldo xeyli dərəcədə artmışdı. Yəni Rusiyaya daxil olan əməliyyatların həcmi, Rusiyadan çıxan əməliyyatların həcmi ilə müqayisədə xeyli dərəcədə çoxdur. Rusiya Mərkəzi Bankı tərəfindən adekvat bir siyasət aparılarsa, istənilən səviyyədə rus rublunun müəyyən edilməsi üçün şərait formalaşar”.

Ekspert qeyd edir ki, mart ayından bəri rublun kəskin sürətlənməsinin əks istiqamətə yönləndirilməsinə ehtiyyac var:

“Çünki bu Rusiya iqtisadiyyatının, büdcəsinin öhdəliklərini yerinə yetirməsi üçün geniş imkanlar açacaq. Rusiyada həm hərbi xərclər, həm də sosial ödənişlərlə bağlı dövlət büdcəsinin artımı gözlənilir. Rusiya rublunun zəifləməsi büdcə daxilolmalarına müsbət təsir göstərəcək. Yaxın həftələrdə rublun bir qədər də zəifləməsinin şahidi ola bilərik. Onu da qeyd edim ki, bu hal Azərbaycan üçün o qədər də yaxşı deyil. Rusiya istehsalçılarının və sahibkarların Azərbaycan sahibkarlarına qarşı daha böyük rəqabət üstünlüklərinə malik olmasına gətirib çıxaracaq”.

Elşad Məmmədovun fikrincə, hər bir milli  valyutanın zəifləməsi ixracatçılara müsbət təsir göstərir: “Ona görə də müəyyən qədər Azərbaycan milli valyutasına təsir göstərəcək. Ölkəmizin xarici ticarətdəki müsbət saldo Azərbaycan iqtisadiyyatı üçün manatın sabit qalmasının kritik dərəcədə vacib olması, milli valyutamızın məzənnəsinin qorunmasına yaxın aylarda şərait yaradacaq”.

//Safura Bənnayeva, Editor.az