Rumıniya ona təhlükə yaradacaq Rusiya pilotsuz təyyarələrini vurmağa hazırdır.
Editor.az “Digi24”ə istinadən xəbər verir ki, bunu Rumıniyanın Müdafiə Qərargah rəisinin müavini general Qeorqita Vlad deyib. Rusiya Rumıniya ərazisinə yaxın olan Dunaydakı Ukrayna limanlarına tez-tez hücum etdiyi üçün ölkə hərəkətə keçib.
Xüsusilə, Dunay Deltası bölgəsində 600-ə yaxın hərbi qulluqçu və radar sistemləri yerləşdirilib. “Biz bir neçə radar yerləşdirmişik, müdafiə sistemimizi işə salmışıq və NATO müttəfiqlərimizlə Rusiyanın təcavüzünə qarşı mübarizənin həllini müzakirə etmişik”, – deyə general Vlad bildirib. O, həmçinin Rumıniyanın Rusiya pilotsuz təyyarələrinə qarşı hava hücumundan müdafiədən istifadə edəcəyini də istisna etmir.
“Təhlükənin səviyyəsindən asılı olaraq, biz Rumıniya ərazisini qorumaq üçün bütün mövcud hərbi vasitələrdən istifadə etməyə hazırıq”, – general vurğulayıb
//Samir Qurbanov, Editor.az