“Rus dilində təhsil almağı dəbə çeviriblər”-Valideyn elə bir mühit axtarır ki…backend

“Rus dilində təhsil almağı dəbə çeviriblər”-Valideyn elə bir mühit axtarır ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Son zamanlar gündəmi məşğul edən mövzular sırasında rus dilində təhsil məsələsi ilk pillərdə gəlir. Azərbaycanda rus dilində təhsil verən kifayət qədər təhsil ocağının mövcudluğu və
valideynlərin övladlarını rus bölməsində təhsilə daha çox yönləndirməsi səbəbləri cəmiyyətdə ciddi şəkildə müzakirə olunur.

Rus dilində təhsil bizə nə verir? Bu bölmədə oxumaq gənclər üçün üstünlükdür, yoxsa əksinə?

Mövzu ilə bağlı Editor.az-a danışan Mili Məclisin deputatı Fazil Mustafa bildirib ki, rus bölməsində təhsili cəmiyyətimizdə dəb halına gətiriblər:

” Rus dilində təhsil artıq əvvəlki keyfiyyəti vermir. Bunu valideynlər də çox gözəl bilir. Əgər övladlarını rus dili öyrənmək üçün rus bölməsinə göndərirlərsə, buna nə ehtiyac var? Rus dilini müxtəlif vasitələrlə, kurslarla da öyrənmək olur. Əgər rus bölməsində təhsilin keyfiyyəti yüksək olsaydı, onda başa düşmək olardı ki, ən azı bir dil üzərindən daha savadlı kadrlar yetişir”.

Millət vəkilinin sözlərinə görə şagirdlərin rus bölməsinə daha çox meyl etmələrinin digər səbəbi isə vaxtilə Azərbaycanda türk məktəblərinin qapanması olub:

” Azərbaycanda fəaliyyət göstərən yeganə türk məktəbi Dəyanət liseyidir. Orada yüz boş yerə 3 min 500 adam sənəd verir. Bu o deməkdir ki, sözügedən liseydə təhsilin keyfiyyəti xeyli yüksəkdir. Ölkəmizdə imkanlı şəxslərin çoxu övladlarını özəl məktəblərdə ingilis dili üzrə təhsilə yönləndirirlər.

Rus məktəblərində ödəniş tələb olunmadığı üçün isə orta və yoxsul təbəqə daha çox ora üz tutur. Ona görə də biz çalışmalıyıq ki, Azərbaycan dilində təhsilin səviyyəsini yüksəldək. Azərbaycanda pedaqoji standartlar qaldırılmalıdır. Azərbaycanda rus sektorlarının ayrı-ayrı dövlət büdcəsindən maliyyələşərək mövcud olması doğru deyil. Milli təhsilimizin səviyyəsi qaldırılmalı və tələbatı nəzərə alaraq rus, ingilis dili tədris olunmalıdır. İnsanlar bilsələr ki, öz dilimizdə təhsil yüksək səviyyədədir və başqa dil öyrənmək imkanları var onda daha çox Azərbaycan bölməsinə üz tutarlar”.

Millət vəkili düşünür ki, hansı dildə hansı formada olmasından asılı olmayaraq insanlar təhsilə meyl etməlidir:

“Cəmiyyətimizdə təhsil almayanların sayı kifayət qədər çoxdur. Dini cəhalətin baş alıb getdiyi bir vaxtda təhsil almayan insanlar cəmiyyət üçün böyük təhlükəyə çevrilir. Ona görə də hansı dildə təhsil almaqdan daha çox hamının təhsil alma məsələsi həll olunmalıdır”.
“Rus dilində təhsil almağı dəbə çeviriblər”-

Tanınmış təhsil eksperti Kamran Əsədov isə Editor.az-a bildirib ki, rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir:

“Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil.

Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Ekspert qeyd edib ki, hal hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir:

” 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə əgər 2018-ci ildə 90 min şagird oxuyurdusa, 2021-ci ildə 130 minə çatıb. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 8%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 550 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir. Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir.

Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir. Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus bölməsində Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər:

K. Əsədovun fikrincə rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur:

“İlk öncə öz rəyimi bildirəcəm. Son 70 ildə rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Təhsil sistemimizdə rus dilinin oynadıǧı rol böyük idi.
Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər də onun üçün yaxşıdır. Rus dilində gəldikdə gəlin yaddan çıxarmayaq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə həddindən artıq informasiyalar var. Bu bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki?
Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər. Baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır. Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Aərbaycanda valideynlər övladlarına məktəb seçimi edərkən ilk növbədə Azərbaycan bölməsinə üstünlük verilməlidir:

” Rus sektorunda təhsil almanın isə həm müsbət, həm də mənfi cəhətləri var. Son illər rus bölməsi üzrə qəbul planında azalma müşahidə edilir. Eyni zamanda, rus sektorunda şagirdlərin sayı da azalıb. Azərbaycanda artıq ingilis bölmələri açılır. Valideynlər ingilis sektoruna daha çox önəm verməlidirlər. Bu gələcək üçün daha vacibdir. Hal-hazırda bu olmadığı üçün əlavə dil biliyinə yiyələnmək məqsədilə valideynlər övladlarını rus bölməsinə göndərir. Çünki Azərbaycanda əksər iş yerlərinə qəbul üçün xarici dil biliyi, xüsusilə rus dili mütləq tələb edilir. Rus bölməsi üzrə təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə qəbul olma imkanı da daha genişdir. Ona görə ki, rus bölməsində 200-250 bal toplayan tələbə prestijli ixtisaslara qəbul olunur, lakin Azərbaycan bölməsində bu balnan təhsil almaq çətin məsələdir. Həm də tələbələrin istifadə etdikləri ədəbiyyatlar rus dilində daha çoxdur. Valideynlər də bu məntiqlə övladlarını daha çox rus bölmələrinə yönləndirirlər”.

Elçin Əfəndi bildirib ki, cəmiyyətimizdə bəzi valideynlər rus bölməsinə dəb kimi yanaşır:

“Onlar düşünürlər ki, övladları orada təhsil alsa, digərlərindən daha üstün olacaq. Düşünürəm ki, gələcəkdə rus bölməsi üzrə plan yerləri azaldılmalıdır. Tədricən rus sektorları Azərbaycanda bağlanmalıdır. Çünki beynəlxalq dil ingilis dilidir. Bu dil üzrə sektorların açılmasına daha çox önəm verməliyik. Rus dilini öyrənməklə rus sektorunda təhsil almağı qarışdırmamalıyıq.

Rus bölməsində təhsil alan əksər şagirdlər Azərbaycan dilindən uzaqlaşır. Bunu onların həm danışıq qabiliyyətində, həm yazı vərdişlərinin formalaşmasında asanlıqla hiss etmək olur. Əgər rus dilini öyrənmək üçün rus bölməsinə şagirdlər göndərilirsə, bu yolverilməzdir. Rus dilini kurslarda, təhsil mərkəzlərində öyrənmək mümkündür”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.