Polşanın paytaxtı Varşava şəhərinin meri Rafal Trzaskowski Rusiyanın diplomatik nümayəndəliklərinin uzun illər istifadə etdiyi şəhərciyin müsadirə edildiyini açıqlayıb.
Editor.az “Hürriyet” ə istinadən xəbər verir ki, müsadirə olunan yaşayış kompleksi Ukraynadan gələn qaçqınların istifadəsinə veriləcək. Trzaskowski boşaldılan şəhərciyin hər binasındakı mənzilin ruslar tərəfindən xarabalığa çevrildiyini bildirib. O qeyd edib ki, hətta binalara gedən elektrik naqilləri də kəsilib.
“Məhz buna görə şəhərcik ukraynalı qaçqınların istifadəsinə verilməmişdən öncə əsaslı təmir ediləcək. Artıq bunun üçün bir neçə inşaat şirkəti ilə danışıqlara başlanılıb”,-deyə Trzaskowski bildirib.
Qeyd edək ki, bu şəhərcik Varşavalılar arasında “Casus şəhər” kimi tanınır.
//Editor.az

