Kadrlarda rus hərbi formasında, həmçinin “Texinkom”un gülləkeçirməz jiletlərində olan meyitlər əks olunub.
“Texinkom” MMC Sankt-Peterburqda fəaliyyət göstərən zirehli geyim istehsalçısıdır. Şirkətin saytında qeyd edildiyi kimi, o, “uzun müddətdir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin maraqları naminə səmərəli işləyir”.
Bundan əlavə, süjetdə rus qoşunlarının şevronları və ölən əsgərlərin üzərində aşkarlanan qızıl-zinət əşyaları da göstərilib.
“Əl-Cəzirə”nin iddiasına görə, reportaj Kiyev vilayətində lentə alınıb. Telekanalın məlumatına görə, vaqon-refrejeratorda Rusiyanın qəbul etməkdən boyun qaçırdığı cəsədlər var.
2 ay yarımlıq müharibə dövründə Rusiya tərəfi yalnız iki dəfə itki verdiyini etiraf edib.
İlk bəyanat martın 2-də verilib, Rusiya Müdafiə Nazirliyi konkret say açıqlayıb – 498 ölü. İkinci bəyanat martın 25-də səsləndirilib, 1351 hərbçinin öldüyü bildirilib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, 24 mindən çox rus əsgəri həlak olub.
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı jurnalistlərə Rusiyanın əsir düşən və ölən əsgərlərinə münasibətindən danışıb:
“Biz meyitləri burada saxlamaq istəmirik. Onların aparılmasını istəyirik. Əvvəlcə imtina etdilər, sonra anlaşılmaz nəsə oldu. Daha sonra bizə bir neçə kisə təklif etdilər. Qulaq asın, bütün bunlar ona oxşayır ki… Heç bilmirəm nə deyim… Bilirsinizmi, yəqin ki, hamımızın həyatında insanlar ölərkən nəsə olub, hətta ölən yaxın adamlar, qohumlar olmadıqda… Qulaq asın, hətta it və ya pişik öləndə belə, bu cür davranmırlar. Bu, ümumiyyətlə.. Zibil torbalarıdır”.
Yenisabah.az

