78 yaşlı jurnalist, yazıçı, könüllü hərbçi, Ukrayna Milli Jurnalistlər İttifaqının və Ukrayna Milli Yazıçılar Birliyinin üzvü Yevgeni Bal rus işğalçılarının əlindən ölüb.
Bu barədə Editor.az “Qordon.com”a istinadən xəbər verir. Ukrayna Ombudsmanı Lyudmila Denisovanın sözlərinə görə, martın 18-də rus hərbçiləri jurnalisti evində – Mariupol yaxınlığındakı Melekinoda ələ keçiriblər. “Saxlanmaya səbəb ukraynalı hərbçilərlə “kompromat” fotoları olub. Üç gün ərzində ağır işgəncələrə məruz qalan jurnalist daha sonra sərbəst buraxılıb.
Aprelin 2-də isə Yevgeni Bal dünyasını dəyişib. Onun ölümü rus işğalçılarının veteran jurnalistə verdiyi işgəncələrin nəticəsində baş verib”, Denisova yazıb. O vurğulayıb ki, jurnalistlərə qarşı qətllər və işgəncələr Haaqa Konvensiyasının və Bəyannaməsinin, Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyasının və digər beynəlxalq müqavilələrin kobud şəkildə pozulması deməkdir.
Bal və litvalı direktor Mantas Kvedaraviçyusun öldürülməsi ilə əlaqədar Ombudsman BMT-nin İnsan Haqlarının Pozulmasını Araşdırma Komissiyasına və ATƏT-in iştirakçısı olan dövlətlər tərəfindən yaradılmış ekspert missiyasına müraciət edib. O, Rusiya tərəfindən Ukraynada hərbi və insanlıq əleyhinə cinayətlər və insan hüquqlarının pozulması ilə bağlı təqdim edilən faktların nəzərə alınmasını xahiş edib.
Editor.az

