Fevralın 26-na keçən gecə rus işğalçıları pilotsuz təyyarələrlə Kiyev vilayətinə hücum ediblər.
Düşmənin növbəti hücumu nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Bu barədə Kiyev Regional Dövlət Administrasiyasının sədri Nikolay Kalaşnik məlumat verib. Onun sözlərinə görə, mərhumun meyiti Buça rayonunda ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğının söndürülməsi zamanı aşkar edilib. “Bu ərazinin digər yaşayış məntəqəsində 2005-ci il təvəllüdlü qız başının oksipital nahiyəsinin yarası ilə yerli xəstəxanaya yerləşdirilib. 1981-ci il təvəllüdlü kişi sağ əlindən yara alıb. O, xəstəxanaya yerləşdirilməyib. Hər iki zərərçəkənə bütün lazımi tibbi yardım göstərilib”, – Kalaşnik əlavə edib.
İlkin məlumatlara görə, düşmənin Buça rayonu ərazisində hücumu nəticəsində beş fərdi yaşayış evi, dörd çoxmərtəbəli yaşayış binasında mənzillərin şüşələri, iki qaraj zədələnib, üç avtomobil sıradan çıxıb, 8 avtomobilə ziyan dəyib.
//Samir Qurbanov, Editor.az