“Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələri də, erməni terrorçular da son vaxtlar özlərini çox rahat hiss edirdilər. Həm rus “sülhməramlılar”, həm də erməni terrorçular Azərbaycan ərazilərində özlərinə qanundan kənar bölgə yaratdıqlarını düşünürdülər, nəzarət edilməklərini düşünərək, tamamilə arxayınlaşmışdılar”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, rus “sülhməramlılar”ın nəzarəti altında erməni terrorçular Laçın dəhlizi ilə Azərbaycan ərazilərinə silah-sursat daşıyırdılar: “Hətta rus sülhməramlılar da humanitar yardım adı altında erməni terrorçuları silahlandırırdılar. İrandan 27 diversiya təlimçisi gətirilərək, Xankəndidə terror-diversiya təlimləri keçirdilər.
Digər tərəfdən, rus sülhməramlıların komandanı, general-mayor Andrey Volkov Kremlin Xankəndiyə “təxribat ezamiyyəti”nə göndərdiyi erməni milyarder Ruben Vardanyan ilə ortaq şəkildə Azərbaycanın təbii sərvətlərini talayırdı. Və bütün bunlardan Kremlin xəbəri olmamış deyildi. Təbii ki, rəsmi Bakı da bütün bu hərbi və iqtisadi cinayətlər barədə təkzibolunmaz faktlar toplamaqdaydı. İndi rəsmi Bakı rus “sülhməramlılara” və erməni terrorçulara Azərbaycanın ərazilərində olduqlarını xatırlatmağa başlayıb. Azərbaycan dövləti rus “sülhməramlılara” və erməni terrorçulara anlatmağa çalışır ki, onlara Azərbaycan ərazilərində belə özbaşınalıqlar etməyə, hərbi və iqtisadi cinayətlər törətməyə qətiyyən imkan verilməyəcək”.
Politoloq qeyd edir ki, Rəsmi Bakının son addımları onu göstərir ki, rus “sülhməramlılar”ın Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalma müddəti uzadılmayacaq: “Hətta belə davam edərsə, rəsmi Bakı indiki müddət bitmədən də Kremldən rus “sülhməramlılar”ın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edə bilər. Çünki bunun üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Rus “sülhməramlılar” öz davranışları ilə üçtərəfli anlaşmaları kobud şəkildə pozurlar. Onlar “sülhməramlı missiya”dan başqa hər şeylə məşğul olurlar, hətta Azərbaycanın suveren hüquqlarını belə, kobud şəkildə pozurlar. Azərbaycan ərazilərində erməni separatizmini və terrorizmini dəstəkləyirlər. Rus “sülhməramlılar”ın heç bir hüquqi uyğun gəlməyən davranışları Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə də ziddir. Təbii ki, rus “sülhməramlılar” belə başıpozuq davranışlarının arxasında Rusiyanın Azərbaycana qarşı məkrli planlarından xəbər verir. Ona görə də, həm rus “sülhməramlılar”, həm də onların qoruyub, silahlandırdığı erməni terrorçular Azərbaycanın Xankəndi və ətraf bölgəsindən ən qısa zamanda çıxarılmalıdır. Böyük ehtimalla rəsmi Bakı ən yaxın vaxtlarda bu məsələ ilə bağlı daha sərt, qətiyyətli və konkret addımlar atmağa başlayacaq”.
//Safura Bənnayeva, Editor.az

