Rus “sülhməramlıları” arxasında növbəti erməni sırtıqlığı – bunu da gördük…backend

Rus “sülhməramlıları” arxasında növbəti erməni sırtıqlığı – bunu da gördük… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özlərini ən ağıllı millət sayan ermənilər dünyanı özlərinə güldürməyə davam edirlər. 30 ildə düz-əməlli dövlət qura bilməyənlər, onun-bunun quyruğu rolunu olmağa davam edənlər, nəhayət, kapitulyasiya aktına imza atanlar hələ də həyasızcasına “iki erməni dövləti”ndən dəm vururlar.

İndi də xəbər yayıblar ki, bəs mifik “Dağlıq Qarabağ”ın uydurma “milli təhlükəsizlik xidməti”nin “əməkdaşları” Qarabağda “dövlətə xəyanət” faktı aşkarlayıblar. Fakt da nə olsa yaxşıdır?

Sitatı üslubuna toxunmadan təqdim edək: “Sentyabrın 25 -də sosial şəbəkələrdə və Telegram kanallarında Stepanakert (Xankəndi – red.) ilə bağlı videolar yayılıb. Orada rusca danışan müəllif şəhərin müxtəlif yerlərini göstərərək, Xankəndində olduğunu söyləyir. MTX və polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarabağın Əsgəran (Xocalı rayonu – red.) rayonunun İvanyan kənd sakini, 21 yaşlı M.A. dövlətə xəyanət şübhəsi ilə həbs edilib”.

“Tutuqlama” ilə bağlı video-süjet də yayılıb. Orada saxlanılan gənc ermənicə nəsə söyləyir.

Yəni adam Stepanakertə Xankəndi dediyi üçün “dövlətə xəyanət”də suçlanır. Dövlətə a. Hansı dövlətə görəsən? Nə tarixdə, nə də BMT reyestrində “Dağlıq Qarabağ”, “dqr” və yaxud “artsax” adında dövlət yoxdur. Heç vaxt da olmayıb.

Demək ki, qanunla şəhərin yeganə doğru adını dilə gətirən 21 yaşlı gənc buna görə zərrəcə məsuliyyət daşımır. Əksinə, həmin erməninin yerinə ona qondarma ittiham irəli sürən kriminal-separatçı rejimin ünsürləri həbsə atılmalıdır.

WhatsApp Image 2021-09-26 at 16.21.30.jpeg (53 KB)

Bundan ötrü saxlanılan erməniyə orta savadlı vəkil də kifayət edər. Hətta o, özü-özünü olmayan dövlətin saxta “təhlükəsizlik xidməti”nə qarşı rahatca müdafiə eləmək imkanındadır. Həmçinin bizim vətəndaşlığını qəbul etdiyini bəyan edərsə, Azərbaycan dövləti də onun hüquqi müdafiəsinə qalxa bilər.

Olayın absurdluğu həm də ondadır ki, guya adı BMT reyestrində olan Ermənistanın heç özü 30 ildir de-fakto dövlət olaraq mövcud deyil, Rusiyanın üçqat quberniyası, vassalı statusundadır, o ki ola xəstə təxəyyülün məhsulu sayılan “artsax”!..

Söz düşmüşkən, bu günlərdə Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş olub. Görüşdə Rusiyanın baş prokuroru son 9 ayda “Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi yönündə görülən işləri müsbət dəyərləndirdiyini” söyləyib.

Hanı bəs müsbət işlər? Bax, həmin o erməni gəncin saxlanması rusun gözü önündə beynəlxalq hüquq bir yana, elementar insan haqlarına meydan oxumaq, tüpürməkdir. Rusiya onun müvəqqəti nəzarətindəki ərazidə belə özbaşınalıqlara yol verməməli və həmin gənci dərhal buraxdırmalıdır. Yox, belə hüquqi nihilizmə, separatçı qırıqlarının özfəaliyyətinə göz yumursa, deməli, Moskva oyuncaq rejimin qalmasında maraqlıdır…

O ki qaldı 10 noyabr 2020-ci ildən sonra bir qarışlıq ərazimizdə ilişib qalan və “sülhməramlılar”ın arxasında “şirə” dönən çaqqallara, tezliklə onların özləri Azərbaycan dövlətinə xəyanət, terrorçuluq maddələri ilə saxlanılaraq Bakıya gətiriləcək, “Xankəndi” deyib cəh-cəh vuracaq, türmələrimizin bəzəyinə çevriləcəklər.

Nə qalıb ki…

Musavat