Rus sülhməramlıları erməni təxribatına növbəti dəfə səssiz qaldı: “Bununla bağlı rəsmi Bakı…”backend

Rus sülhməramlıları erməni təxribatına növbəti dəfə səssiz qaldı: “Bununla bağlı rəsmi Bakı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəlikləri Azərbaycan tərəfi yerinə yetirməkdə davam edir. Azərbaycan hər zamanki kimi sözünə və imzasına sadiqdir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, 10 noyabr bəyanatından irəli gələn məsələlərdən biri və ən əsası Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdən erməni separatçılarının tör- töküntülərinin çıxarılmasıdır:

” İl yarım vaxt keçməsinə baxmayaraq hələ də sözügedən bənd yerinə yetirilmir. Erməni separatçıları öz təxribatları və qanunsuz fəaliyyətləri ilə öz mövcudluqlarını sübut etməyə çalışırlar. Burada əsas faktorlardan biri də sülhməramlıların öz nəzarət etdiyi ərazilərdə təxribat törədən erməni terroçularına qarşı səssiz qalmalarıdır. Rəsmi Bakı bu məsələ ilə bağlı iradlarını dəfələrlə bildirib və rus sülhməramlıları etdikləri səhvləri düzəltməyə çalışıblar”.

V. İskəndərov dünən Xocalı rayonun Pirlər kəndində erməni silahlılarının törətdiyi hadisəyə də toxunub:

“Pirlər kəndində baş verən təxribatla bağlı yayılan video-görüntülərdə Rusiya sülhməramlılarının yerləşdiyi ərazidən bir neçə metr uzaqda erməni quldurlarına silahların paylanması görünür və rus sülhməramlıları buna səssizcə baxır. Bu, üçtərəfli bəyanatın bütün şərtlərinə ziddir. Azərbaycan bununla bağlı müvafiq addımlar atacaq. Əgər rus sülhməramlı qüvvələrin laqeydliyi və onlara seyrçi qalması faktı varsa bu, rəsmi Bakı tərəfindən Rusiya hərbi-siyasi dairələrinə və Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlı qüvvələrin rəhbərliyinin diqqətinə çatdırılacaq. Dünən cənab Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Həmin söhbətdə Qarabağda son günlər baş verən gərginliklər geniş müzakirə olunub və dövlət başçısı baş verən hadisələri Rusiya Prezidentinin diqqətinə çatdırıb. Biz yaxın günlərdə bu müzakirələrin nəticələrini görəcəyik. Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərini əldə rəhbər tutaraq qarşıya qoyulan məsələlərin həlli üçün ciddi işlər görür. 10 noyabr bəyanatının müddəalarını pozmaq, təxribatlar törətməklə Ermənistan sülhyaratma prosesinə mane olur. Sonda hər zamanki kimi uduzan və itirən Ermənistan olacaq”.

//Gülnarə Abasova, Editor.az